Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Gültəkin Əsgərovanın doğum gününün 64-cü ildönümüdür.
Crossmedia.az xəbər verir ki, 1960-cı il noyabrın 20-də Bakıda anadan olan Gültəkin Əsgərova 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 8 saylı təcili yardım stansiyasında başlayan Gültəkin 1991-ci ildən Respublika Klinik Uroloji Xəstəxanasında çalışıb.
Qarabağ müharibəsi başlayanda o, yeganə qızı Aminəni anasına etibar edərək könüllü şəkildə cəbhəyə yollanıb. Hərbi həkim kimi Turşsu, Şuşa və Ağdamın Mahrızlı kəndindəki hospitalda çalışmış, Şuşanın işğalı zamanı şəhəri tərk edən son şəxslərdən biri olmuşdur. Daha sonra Laçın və Qubadlı rayonlarının müdafiəsində iştirak etmişdir.
Gültəkin Əsgərova 1992-ci il iyulun 19-da Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Nərimanov rayonunda yerləşən 200 nömrəli məktəb onun adını daşıyır. 1993-cü il noyabrın 20-də Prezidentin Fərmanı ilə ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı (ölümündən sonra) verilmişdir.
Gültəkin Əsgərova Azərbaycanın tarixində öz cəsarəti və fədakarlığı ilə əbədi iz qoymuş qəhrəmanlardan biridir.
Emil Bağızadə