Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 19-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe ilə görüşüb.
Crossmedia.az bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.
Bildirilib ki, görüşdə Bakıda davam edən COP29-un əhəmiyyəti vurğulanıb, konfrans çərçivəsində iqlim dəyişikliklərinin sağlamlığa təsirlərinin azaldılması ilə bağlı müxtəlif tədbirlərin keçirildiyi qeyd edilib.
Azərbaycan ilə ÜST arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən proqram və layihələrin ÜST-ün prioritet istiqamətləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü vurğulanıb.
Söhbət zamanı səhiyyənin müxtəlif sahələrində, o cümlədən iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.