Ermənistan Azərbaycana regional kommunikasiyaların açılması məsələsi ilə bağlı təklif göndərib. Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Sərkiz Xandanyan bu barədə məlumat verib ki, "təfərrüata girə bilmərəm, amma ümumilikdə bu təkliflərin ruhu iki ölkənin suverenliyinə əsaslanan “Sülh qovşağı” layihəsindən qaynaqlanır”. Azərbaycandan hələlik heç bir cavab gəlmədiyini bildirib.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Crossmedia.az-a verdiyi açıqlamada bildirib:
“Ermənistan rəsmilərinin uzun müddətdir ki, regional kommunikasiyaların açılması məsələsi ilə bağlı açıqlamalarına baxmayaraq ortada real fəaliyyət yoxdur. Bir qism Qərb dairələrinin və İranın təzyiqləri fonunda Ermənistan hər dəfə müxtəlif bəhanələrlə prossesi uzadır.
Amma məsələ burasındadır ki, kommunikasiya əlaqələrinin bərpası birincisi, Ermənistanın üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikdir, hansı ki, 10 noyabr bəyanatının 9-cu bəndində əksini tapıb, ikincisi isə Ermənistanın özü üçün hava və su kimi lazım olan reallıqdır. Yəni başqa sözlə Ermənistan hər nə qədər prossesi uzatmaq istəsə də ən azından öz maraqları naminə, düşdüyü vəziyyətdən çıxmaq naminə kommunikasiya xətlərinin bərpası ilə bağlı müvafiq addımlar atmaq məcburiyyətindədir.
Elə məhz bu məcburiyyətin nəticəsidir ki, indi Zəngəzur dəhlizinin və ümumiyyətlə komunikasiya xətlərinin açılması ilə bağlı daha çox canfəşanlıq göstərir. Məlumdur ki, bir müddət əvvəl bu məsələdə ortaq məxrəcə gəlmək mümkün olmadığı üçün komunikasiya məslələri həm Azərbaycan, həm də Ermənistanın razılığı ilə sülh sazişi mətnindən çıxarılmışdı və bu məsələnin ayrıca müzakirəsi razılşdırılmışdır. İndi Ermənistanın hansısa təkliflərlə çıxış etməsi onu göstərir ki, Ermənistan kommunikasiya xətləri bərpa olmadan öz iqtisadi təhlükəsizliyini təmin edə bilməyəcəyini və Rusiyanın iqtisadi asılılığından qurtula bilməyəcəyini dərk etməyə başlayıb.
Bu məsələdə Azərbaycanın mövqeyi isə aydındır. Birincisi, kommunikasiya xətlərinin açılmasında Azərbaycandan-Azərbaycana prinsipi tətbiq olunmaldıır, yəni Naxçıvandan Azərbaycanın əsas hissəsinə və əks istiqamətdə hərəkət edən yüklər və sərnişinlərə qarşı hər hansı kömrük yoxlaması və rüsum tətbiqi olmamalıdır, ikincisi isə nəqliyyat vasitələrinin və insanların təhlükəsiz keçidi təmin olunmalıdır.
Bu iki məsələ ilə bağlı Ermənistan tərəfinin müvafiq addımlar atması halında kommunikasiya xətlərinin bərpası bizim maraqlarımıza tamamilə cavab verir. Əks halda bizim onsuz da alternativ dəhlizlərimiz mövcuddur və uduzan tərəf Ermənistan olacaq”.
Samirə Şərif