Noyabrın 15-də BMT Baş Assambleyasının 3-cü komitəsi tərəfindən A/C.3/79/L.35 nömrəli “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. 56 ölkə bu qətnaməyə həmmüəllif kimi qoşulub. Azərbaycan 2002-ci ildən etibarən hər iki ildən bir təqdim olunan bu qətnamənin əsas həmmüəlliflərindən biridir.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, qətnamədə silahlı münaqişələr nəticəsində insanların itkin düşməsinin onların ailələrinə ağır əzablar verdiyi və münaqişələrin həllinə maneə yaratdığı vurğulanır. Qətnamə həmçinin beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularına görə cəzasızlığa son qoyulmasının vacibliyini bildirir.
Bu ilki qətnamədə ilk dəfə olaraq minaların itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək səylərinə yaratdığı maneələr qeyd edilib və dövlətlər təhlükəsiz axtarış prosesində əməkdaşlığa çağırılıb.
Mövzu ilə bağlı açıqlama verən politoloq, vəkil Yalçın Hacızadənin sözlərinə görə, Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi beynəlxalq hüququn çoxsaylı əsas prinsiplərini, o cümlədən güc tətbiq etmə və güc təhdidi qadağası, mübahisələrin sülh yolu ilə həlli, dövlətlərin bərabər suverenliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və insan hüquqları prinsiplərini pozmuşdur. Ermənistanın hərəkətləri beynəlxalq müharibə qanunları və insan hüquqları konvensiyalarını kobud şəkildə pozmuşdur. Bu cinayətlər həm Azərbaycanın milli qanunvericiliyinə, həm də beynəlxalq hüquqla məsuliyyət yaradır.
Ermənistanın müharibə və təcavüz nəticəsində törətdiyi cinayətlər insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və soyqırımı kimi təsnif olunur. Ermənistanın törətdiyi bu cinayətlər, təbiətə, ətraf mühitə, flora və faunaya vurulmuş böyük zərərlər və Azərbaycanın mədəni sərvətlərinin talan edilməsi, həm də beynəlxalq hüququn əsas prinsiplərinə ziddir. Bu cinayət əməlləri dövlət tərəfindən təşkil olunmuş və ya dövləti təmsil edən şəxslər tərəfindən həyata keçirildiyindən, Ermənistan dövləti beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır.
Yalçın Hacızadə vurğulayıb ki, beynəlxalq hüquqda hər bir hüquq pozuntusu dövlətin beynəlxalq məsuliyyətini doğurur və belə hallarda, dövlətlərə qarşı hüquqi tədbirlər görülür. Məsələn, İraq 1990-1991-ci illərdə Küveytə qarşı təcavüzə görə BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən 50 milyard dollardan çox təzminat ödəyib. Bu cür nümunələr beynəlxalq hüququn tətbiqini və dövlətlərin məsuliyyətə cəlb edilməsini nümayiş etdirir.
Beynəlxalq-hüquqi məsuliyyət, dövlətin törətdiyi hüquq pozuntusunun digər dövlətlərə və ya beynəlxalq subyektlərə vurduğu zərəri aradan qaldırmağa yönəlir. Bu məsuliyyətin iki növü var: qeyri-maddi (siyasi) və maddi məsuliyyət. Maddi məsuliyyət restitusiyanı (zərərin bərpası), kompensasiyanı (maddi zərərin ödənilməsi), satisfaksiyanı (rəsmi üzr və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi) və təkrar etməmək öhdəliyini əhatə edir. Restitusiya, məsələn, zəbt edilmiş ərazilərin azad edilməsi, qeyri-qanuni ələ keçirilmiş əmlakın geri qaytarılması və qeyri-qanuni həbs edilmiş şəxslərin azad edilməsi kimi tədbirləri əhatə edir.
Azərbaycan, Ermənistanı irqi ayrı-seçkilik ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. BMT-nin İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Konvensiyasına əsasən, irqi ayrı-seçkilik hər cür hökumət siyasətləri ilə insan hüquqlarını pozur və beynəlxalq sülh və təhlükəsizliyə mane olur. Ermənistanın Azərbaycanın ərazilərində törətdiyi cinayətlər, irqi ayrı-seçkilik və nifrətə əsaslanaraq həyata keçirilib.
Beynəlxalq Məhkəmənin qərarları məcburidir və dövlətlər bu qərarları yerinə yetirməyə borcludurlar. Ermənistana qarşı cəza sanksiyalarının qəbul edilməsi, bu dövlətin gələcəkdə bənzər cinayətlərdən çəkindirmək məqsədi güdür. Azərbaycanın hüquq-müdafiə strategiyasının əsas məqsədi, Ermənistanı beynəlxalq hüququn tələblərinə uyğun hərəkət etməyə məcbur etməkdir. Bu proses sülh və sabitlik yaratmaq məqsədini güdür və Ermənistanın bu cür cinayətlərə yenidən yol verməsinin qarşısını almağa kömək edəcək.
BMT-nin məlum qətnamələrinin yerinə yetirilməməsi, beynəlxalq ictimaiyyətin gücünü göstərir, amma nəticə etibarilə, Ermənistanın üzləşəcəyi təzyiqlər və beynəlxalq sanksiyalar onun gələcək siyasətini formalaşdırmağa təsir göstərəcək. Cəza sanksiyalarının tətbiqi və Ermənistanın məsuliyyətə cəlb olunması, həmçinin digər dövlətlərə müharibə cinayətlərinə qarşı ədalətli və sərt yanaşmanın vacibliyini göstərəcək. Bu, beynəlxalq hüququn daha effektiv tətbiqi və sülhün qorunması üçün mühüm bir addım olacaq.
Maral Şahverdili