Azərbaycan Respublikası xarici siyasətində həmişə beynəlxalq standartlar çərçivəsində hərəkət etmiş, sülh tərəfdarı olmuş və dünyanın münaqişəli vəziyyətlərinə son qoyulması üçün mühüm addımlar atmışdır. Günü-gündən artan nüfuzu ilə Azərbaycan artıq dünya səviyyəsində öz sözünü açıq şəkildə deyir, yalnız öz hüquqlarını deyil, haqsızlığa məruz qalan dövlətlərin və xalqların da hüquqlarını müdafiə edir. Azərbaycanın bütün sahələrdəki güclü inkişafı düzgün yeridilən siyasətin və strateji addımların nəticəsidir.
Bu gün Azərbaycan hərb sənayesində öz silahlarını istehsal edir və dünya bazarına çıxarmaq gücünə malikdir. Dünya reytinq cədvəlində Azərbaycan Ordusu dünyanın ən güclü dövlətlərinin siyahısında yer alır. Azərbaycan nefti və qazı Avropanı enerji ilə təmin edir və beynəlxalq layihələrin həyata keçirilməsində önəmli rol oynayır. Bütün bunları müstəqilliyini cəmi 33 il əvvəl bərpa etmiş bir dövlətin reallaşdırması diqqətəlayiqdir.
Azərbaycanın bu uğurları dost dövlətlər tərəfindən təqdirlə qarşılanırsa, bəzi dövlətlərin maraqlarına zidd olduğundan narahatlıq doğurur. Belə ki, bəzi dairələr daim Azərbaycanı hədəf alaraq qərəzli və ziddiyyətli siyasətlər yürüdürlər. Avropa Şurası ölkəmizə qarşı əsassız qətnamələr qəbul edir, təxribatçı qrupların həbsini isə “diktatura rejimi” adlandırır. Avropa dövlətləri, hətta Azərbaycandan enerji asılılığını azaltmaq çağırışları etsə də, bu cəhdlər nəticəsiz qalır. Çünki Azərbaycan düzgün qurulmuş siyasəti ilə bu cür qərəzli yanaşmaları neytrallaşdırmağı bacarır.
Azərbaycanın inkişafı bir neçə əsas səbəbə bağlıdır. Bu gücün təməlində Azərbaycanın vətənpərvər, əzmli xalqı dayanır. Dövlətinə bağlı olan qalib Azərbaycan xalqı ölkəsinin azadlığını qoruyub saxladığı kimi, bu gün də dünya arenasında öz yerini möhkəmləndirməyə qadirdir. Həmçinin Azərbaycan Ordusu gücünü yalnız yüksək texnologiyalı silahlardan deyil, əsgərlərinin cəsarətindən və vətən sevgisindən alır.
Əldə edilən nailiyyətlərin əsas memarı Prezident İlham Əliyevdir. Onun ardıcıl və strateji siyasəti nəticəsi 30 il işğalda qalan Qarabağın 44 gün ərzində azad edilməsidir. Dünya bu prosesdə Azərbaycanın haqlı mövqeyini açıq şəkildə gördü. Suverenliyimizin bərpası ölkəmizin gücünü artırdı və nüfuzunu yüksəltdi. Azərbaycan bu gün beynəlxalq tədbirlərin mərkəzinə çevrilib və COP29 İqlim Konfransı kimi qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. 196 ölkədən 72,000 nümayəndənin, 80 dövlətin lider və baş nazirinin iştirakı ilə keçirilən bu tədbir Azərbaycanın dünya siyasətindəki əhəmiyyətini bir daha təsdiq edir.Azərbaycan qərəzli xəbərlərə, xarici dövlətlərin qərəzli siyasətlərinə rəğmən bugün öz sözünü deyir və güclənməyə davam edir.
Deputat Aydın Mirzəzadə Crossmedia.az saytına açıqlamasında bildirib ki: “Dünyanın müəyyən siyasi dairələrinin COP29 zamanı Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyasına və boykot çağırışlarına baxmayaraq, konfrans uğurla başladı. 80 ölkənin liderlərinin və beynəlxalq təşkilat rəhbərlərinin bu tədbirdə iştirakı boykot cəhdlərini iflasa uğratdı. Bu, Azərbaycanın böyük nüfuza malik olduğunu göstərir. Anti-Azərbaycan kampaniyası COP29-da necə iflasa uğradısa, digər məsələlərdə də uğursuzluğa düçar olacaqdır”.
COP29 tədbirinin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Azərbaycan bu beynəlxalq konfransdan əvvəl də iqlim böhranlarının həlli üçün təşəbbüslər irəli sürmüşdür.
Ekoloq Rövşən Abbasov Crossmedia.az saytına açıqlamasında qeyd edib ki: “Azərbaycan “Paris Sazişi”nin tərəfdaşı kimi 2015-ci ildən istixana qazlarının azaldılması ilə bağlı milli töhfə sənədi qəbul edib. Eyni zamanda, ölkəmiz iqlim dəyişikliyinə uyğunlaşma strategiyaları və adaptasiya proqramlarını həyata keçirməyə başlayıb”.
Bütün bunlar göstərir ki, Azərbaycanın artan gücü, düzgün siyasəti və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr onu dünya siyasətində mühüm oyunçuya çevirir. COP29 kimi tədbirlər isə bu nüfuzu daha da möhkəmləndirir.
Ayhan Ağarzayev