COP29 çərçivəsində "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi" rəsmi elan edilib.
Crossmedia.az xəbər verir ki, COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə əməkdaşlıq çərçivəsində formalaşan bu mühüm təşəbbüs kənd təsərrüfatında, qida sistemlərində, su idarəçiliyində iqlim dəyişikliyinə uyğunlaşma və davamlı inkişafın təşviqinə yönəlib.
“Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirilən panel müzakirənin moderatorluğunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin Direktoru Kaveh Zahedi edib.
Tədbirdə çıxış edən COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, paytaxt Bakının ev sahibliyi etdiyi beynəlxalq iqlim konfransında digər COP-larda olduğu kimi dünya ictimaiyyəti üçün qlobal təşəbbüslər - çağırılar formalaşıb. COP29 üçün 14 qlobal təşəbbüsdən biri kənd təsərrüfatı, ətraf mühit və iqlim məsələlərini özündə ehtiva edən Fermerlər üçün “Bakı Harmoniya İqlim Təşəbbüsü”nün əsas məqsədlərindən biri kənd icmalarının, qadın və gənclərin imkanlarının genişləndirilməsi və kənd təsərrüfatının iqlim dəyişmələrinə qarşı davamlılığının artırılmasına nail olmaqdır. COP29 prezidenti bildirib ki, "Harmoniya” təşəbbüsü çərçivəsində kənd təsərrüfatının dayanıqlı inkişafı yerli və qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayacaq.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Harmoniya”nın məqsədlərinin sadə, lakin vacib olduğunu vurğulayıb. Nazir bildirib ki, ilk növbədə “Harmoniya” təşəbbüsü iqlimə davamlı kənd təsərrüfatı sistemlərinin qurulmasında maraqlı tərəfləri bir araya gətirməklə aqroərzaq sistemlərinin daha dayanıqlı və davamlı modelə çevrilməsi istiqamətində qlobal səyləri birləşdirən platforma kimi nəzərdə tutulub. Kənd təsərrüfatı sektorunda adaptasiya tədbirlərinin təşviq edilməsində bir növ aqreqator rolunu oynayacaq bu təşəbbüs şəbəkə və koalisiyaları bir araya gətirərək onların gücündən yararlanacaq, təcrübə mübadiləsini təmin edəcək. Başqa sözlə, bu platforma fermerlərin təcrübi biliklər əldə etməsi, rəqəmsal alətlərə çıxışı, dünyanın ən yaxşı təcrübələri və innovasiyaları ilə tanış olmasında əvəzsiz rol oynayacaq. İkincisi, bu təşəbbüs kənd təsərrüfatı sistemlərinin transformasiyasını dəstəkləyəcək, davamlı kənd təsərrüfatını dəstəkləyən investisiyaları səfərbər etməyə imkan verəcək. Təşəbbüs çərçivəsində beynəlxalq təşəkilatlar, dövlət və özəl qurumlar, eləcə də bütün tərəfdaşlar arasında əməkdaşlıq nəticəsində iqlim maliyyələşməsi ilə bağlı yeni alət və layihələrin tətbiqi nəzərdə tutulur ki, bununla da sərmayələr daha əlçatan və effektiv olacaq.
Üçüncü məqam ondan ibarətdir ki, “Harmoniya” təşəbbüsü kənd təsərrüfatının onurğa sütunu və gələcək dayanıqlığın əsas hərəkətverici qüvvəsi olan fermerlərin, xüsusilə qadınların və gənclərin imkanlarının artırılmasında mühüm rol oynayacaq. Lazımi alətlər, təlim və iqlim maliyyəsi ilə təchiz etməklə Harmoniya kənd təsərrüfatı icmaları və fermerləri təcrübələrini davamlı təkmilləşdirməyə təşviq edəcək.
FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutu son illərdə iqlim dəyişikliyinin iqtisadiyyatın bir çox sahələrinə, o cümlədən kənd təsərrüfatı sahəsinə təsir etdiyini vurğulayıb. O, mübarizə tədbirləri çərçivəsində kənd icmalarının, qadın və gənclərin fəaliyyətinin dəstəklənməsinə, iqlim maliyyəsinə xüsusi diqqət yetirilməsinin vacib olduğunu diqqətə çatdırıb: “Son 10 il ərzində aqro-ərzaq sistemləri, iqlim dəyişikliyi və maliyyə ilə əlaqəli təşəbbüslər, koalisiyalar, şəbəkələr və tərəfdaşlıqlar əhəmiyyətli inkişaf edib. Bununla yanaşı, daha təsirli iqlim tədbirləri həyata keçirmək və aqro-ərzaq sistemlərinin daha sürətli transformasiyasını həyata keçirmək üçün daha çox koordinasiyaya ehtiyac var. Harmoniya Təşəbbüsü bu baxımdan çox önəmlidir".
Rəsmi açılış mərasimindən sonra “Harmoniya niyə vacibdir? Bu təşəbbüs hansı boşluqları həll edəcək?” mövzusunda panel sessiya keçirilib. Sessiyada çıxış edən Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aqrar sahənin bölgələrdə məşğulluğun təmin olunmasında, o cümlədən kənd icmalarının, qadın və gənclərin gəlirlərinin formalaşmasında mühüm rol oynadığını, bu təşəbbüsün iqlim dəyişikliyi ilə mübarizədə qadın və gənclərin rəqəmsal savadlılığını təşviq edəcəyini, rəqəmsal alətlərə çıxışın təmin edilməsinə, fərdi təsərrüfatların dəstəklənməsinə xidmət edəcəyini vurğulayıb.
Panel müzakirələrdə çıxış edən Dünya Bankının Kənd təsərrüfatı və qida üzrə qlobal direktoru Shobha Shetty, BMT Qadınlar Təşkilatının İqtisadi inkişaf bölməsinin rəhbəri Jemimah Njuki, Dünya Fermerlər Təşkilatının Baş Katibi Andrea Porro və digər natiqlər iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığın önəmli olduğunu, bu istiqamətdə kompleks yanaşmanı özündə ehtiva edən Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünü dəstəklədiklərini vurğulayıblar.
Panel müzakirələr sual-cavab formatında davam etdirilib.