Bildiyimiz kimi 2024-cü il BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konvensiyasına tərəfdaş dövlətlər arasında iqlim dəyişiklikləri məsələlərini müzakirə etmək və qlobal səviyyədə tədbirlər görmək məqsədini daşıyan yüksək səviyyəli beynəlxalq görüş olan-COP29-la bağlı ölkəmizdə tədbirlər davam etməkdədir.
Bu tədbirlərin nəticəsində Azərbaycanda yaranacaq dəyişikliklərlə bağlı Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev öz fikirlərini Crossmedia.az-a bildirib:
"COP29 tədbirləri başa çatdıqdan sonra Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə sahəsində qəbul olunmuş beynəlxalq konvensiyaların, o cümlədən Azərbaycan tərəfinin qoşulduğu razılaşmaların tətbiqi ilə bağlı genişmiqyaslı dövlət siyasətinin həyata keçirilməsi gözlənilir. COP29-a ev sahibliyi edən ölkə olaraq, Azərbaycanın növbəti illərdə bu istiqamətdə əməli dəyişikliklərə üstünlük verməsi, dövlətin bu sahədə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini göstərəcəkdir"
Taleh Əliyev Azərbaycanın gələcək illərdəki inkişafından da bəhs edib:
"Hesab edirəm ki, 2025-ci ilin dövlət siyasətinin prioritet istiqamətləri arasında COP29 və ondan öncə qəbul edilmiş, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn tədbirlərin icrası istiqamətində Milli Fəaliyyət Proqramının qəbul olunması və ayrı-ayrı sahələr üzrə, xüsusən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı və iqtisadiyyatın digər sektorlarında yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi ilə bağlı müvafiq siyasətlərin həyata keçirilməsinin şahidi olacağıq. Nəticədə, COP29-un təsirləri ölkədə yaxın illərdə daha aydın hiss olunacaqdır".
Aysel Ağakərimova