Mən Bakıda COP29-a qatıldığıma görə qürur duyuram.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ senatoru Şeldon Uaythaus COP29 çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizədə bizi çətinliklər gözləyir.
“Əsas faktlar ondan ibarətdir ki, ABŞ-də iqlimlə bağlı aparılan işlərin böyük bir hissəsi dövlət və bələdiyyə səviyyəsindədir. Dünyanın beşinci ən böyük iqtisadiyyatı olan Kaliforniyaya və dünyanın onuncu ən böyük iqtisadiyyatı olan Nyu-Yorka nəzər salsanız, onlar birlikdə işləməklə çox şey əldə edə bilərlər.
İqlim problemi artıq təkcə üfüqdə görünmür. Biz onun fəsadlarını yaşayırıq. Dünyada vəzifələri olan insanlar və qurumlar iqlim faktlarına uyğun bəyanatlar və qərarlar qəbul etməli olacaqlar. İnvestisiya menecerləri, bankirlər, CEO-lar, korporativ direktorlar şuraları iqlim reallığına uyğunlaşmalıdırlar”, - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.