Bu gün biz COP29 konfransı çərçivəsində Bakıda ECO-UNIDO Təmiz Enerji Mərkəzinin yaradılmasında mühüm mərhələnin şahidi oluruq. Təmiz Enerji Mərkəzinin açılışı təşkilatın enerji sektorunda liderlik mövqeyini daha da gücləndirəcək, regional əməkdaşlığı təşviq edəcək və bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirəcək.
Crossmedia.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində ECO-UNIDO Təmiz Enerji Mərkəzinin açılışı ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, mərkəzin Bakıda yaradılması Azərbaycanın bərabərhüquqlu üzv dövlətlərlə enerji əməkdaşlığını yeni səviyyəyə qaldıracaq.
“Bizim əsas məqsədimiz davamlı enerji keçidini təşviq etmək və regionda yaşıl enerjiyə investisiya cəlb etmək, həmçinin enerji səmərəliliyini artırmaqdır. Biz, həmçinin yaşıl enerji istehsalı və infrastrukturu sahəsində layihələrin inkişafı üçün maliyyə və texniki resursları səfərbər etməyi hədəfləyirik”, - deyə nazir vurğulayıb.