COP29

Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı (BTR) bu həftə təqdim olunmağa hazırdır.

Crossmedia.az Trend-ə istinadla xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda deyib.

"Ambisiyaların artırılması Milli Müəyyən Edilmiş Töhfələr, Milli Uyğunlaşma Planları və İkiillik Şəffaflıq Hesabatı (BTR) vasitəsilə 1,5 dərəcə hədəfini qorumaq üçün aydın planların hazırlanmasını tələb edir.

Şəffaflıq COP29 prezidentliyinin bu prosesin lap əvvəlindən prioriteti olub. Bu gün mən İkiillik Şəffaflıq Hesabatlarına və COP29 prezidentliyinin iqlim fəaliyyətlərində şəffaflığı necə dəstəklədiyinə diqqət yetirmək istəyirəm. Şəffaflıq beynəlxalq proseslərə olan etimadı və inamı gücləndirir. O, məsuliyyətimizi artırır və iqlim fəaliyyətlərinə dair ambisiyaların artırılmasına töhfə verir.

İlk növbədə, etibarlı məlumatlara çıxış iqlim dəyişikliyinin təsirlərinin azaldılması, uyğunlaşma və dəstək vasitələrinin icrası sahəsində tərəqqinin qiymətləndirilməsinə kömək edir. Bu, dəstəyi gücləndirir və milli iqlim fəaliyyətlərinə istiqamət verir.

Məmnuniyyətlə bildirirəm ki, Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı bu həftə təqdim olunmağa hazırdır. Şəffaflıq, həmçinin, ölkələrin iqlim fəaliyyətləri üzrə potensialını daha yaxşı anlamasına və ehtiyaclarını müəyyən etməsinə kömək edir.

Bu, ehtiyacı olan ölkələr, o cümlədən, həssas icmalar üçün dəstəyin yönəldilməsi üçün zəruri məlumatları təmin edir. Bu, əlavə tədbirlər və investisiyalar tələb olunan sahələrdə məqsədyönlü dəstək deməkdir", - o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il