Hadisə

Ötən günlərdə 70 kiloqram qızılla saxlanılan hərbi attaşe həbs edilib. Məmmədov Qəhrəman Şamil oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q. Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı kriminalist ekspert Şəmsəddin Əliyev Crossmedia.az saytına şərhində bildirib ki, ümumiyyətlə reallıqdan yanaşanda inkişaf etmiş ölkələrin hər birində cinayətlər var:

"Nə cəmiyyətin, nə də dövlətin baş vermiş cinayətlərdən doymaq limiti, həddi yoxdur. Ona görə bəzən cinayətlərin dinamikasında elə bir cinayətlər baş verir ki, bunun baş verməsi insanı heyrətə gətirir. Əvvəlcə bu həm Azərbaycan üçün, Azərbaycan vətəndaşı, onun ətrafı və onun təmsil etdiyi qurum üçün, həm də Azərbaycan dövlətini xarici ölkədə təmsil etmək, onun bugünkü imicinə, xarici və daxili siyasətinə uyğun davranmağın özünə də bir ləkə gətirir. Diplomatiya işi belədir ki,  bu adam kifayət qədər cilalanmalıdır. Onun davranışları, hərəkətləri, danışığı bütün hallarda  hansı dövləti təmsil edirsə, həmin dövlətin güzgüsü kimi özünü orada göstərməlidir. Yəni  özünü necə göstərərsə, dövlətə qarşı da belə münasibət olar. Və bizim hərbi attaşenin bu şəkildə 70 kiloqram qızılla ittiham olunması və həbs edilməsi əvvəlcə ona göstərilən etimada və etibara, vəzifə funksiyalarına xəyanətidir. Çünki bu cinayət qəsdən, nə etdiyini anlayan, onun nəticəsini arzulayan bir şəxs tərəfindən törədilir. Burada ehtiyatsızlıq yoxdur. Burada cinayətin subyekti nə etdiyini anlayır və düşünür ki, ona verilən bu toxunulmazlıqdan öz şəxsi maraqları üçün istifadə edə bilər. Onun maşını təhqiqata, axtarışa, müayinəyə məruz qala bilməz, onu saxlaya bilməzlər. Ondan sənəd istəyəndə yalnız hərbi diplomatik korpusa layiq sənədi göstərəcək və bununla da məsuliyyətdən yaxa qurtaracaqdır. Amma prinsipiallıq göstərmək bəzən belə insanları ifşa edir. Fikrimcə, bu, sadəcə sıradan, ilk deyil, görünür onun başqa əməlləri də üzə çıxacaq".

Həmçinin kriminalist vurğulayıb ki, burada daha çox ölkə prezidentinin göstərdiyi etibara, etimada, prezidentin imzaladığı akta da , o imzaya da bir növ sədaqətsizlik nümayiş etdirilib:

"Bu insanların vəzifələrinə başlamazdan öncə içdikləri and ölkənin konstitusiyasında ehtiva edilən vətənə sədaqətin canlı  təzahürüdür. O andın mətni də vətənə sədaqətin təcəssümüdür. O anda da sədaqətsizlik göstərilir. Hazırda Dövlət Təhlükəsizlik Xidmətində istintaq gedir və hərtərəfli araşdırmalar aparılacaq. Amma bütün hallarda mən düşünürəm ki, bu, vəzifəli şəxsin, məmurun ölkənin ona etibar edilən və etimad edilən vəzifəyə xəyanətidir. Əsas cəhət budur ki, dövlətin və ölkənin siyasi diplomatik marağından çox öz şəxsi maraqlarına üstünlük verilib. Utanc gətirən də məhz elə bu haldır. İndiki şəraitdə COP29, COP29-dan qabaq altı-yeddi ay bizim bu tədbirə hazırlığımız, dövlət başçısının orada həyəcanlı nitqləri və hamıya görk olacaq ifadələrindən sonra belə bir addım təbii ki,  utanc gətirir".

Gülşad İbrahimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il