Gündəm

Azərbaycan və İran arasında hərbi sahədə əməkdaşlığın inkişafı və genişlənməsi regional təhlükəsizlik və stabillik baxımından mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə bu əməkdaşlıq çərçivəsində keçirilən birgə hərbi təlimlər, ölkələrin qarşılıqlı maraqları və təhlükəsizlik məsələlərindəki ortaq yanaşmalarını gücləndirir. Hər iki tərəf arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin hərbi bacarıqların artırılması, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi və qarşılıqlı təcrübə mübadiləsi bu təlimlərin əsas məqsədlərindəndir. Hazırda davam edən Araz-2024 təlimləri də bu əməkdaşlığın növbəti mərhələsini təşkil edir və hərbi qüvvələrin operativ hazırlığının gücləndirilməsinə xidmət edir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Azər Bayramov Azərbaycan və İranın hərbi və hərbi texniki sahələrdə əməkdaşlığından danışıb:

"Azərbaycan ilə İran arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsini müşahidə edirik. Bununla bağlı yaradılan birgə komissiyanın iclasında imzalanan protokola əsasən artıq fəaliyyətin icrasına başlandığını deyə bilərik. Cari ay ərzində artıq ikinci hərbi təlimlərdir ki baş tutur. Bundan öncə AZIREX-2024-də Xəzər dənizində hər iki tərəfin hərbi dəniz qüvvələrinin birlikdə axtarış-xilasetmə təlimləri oldu. Hazırda da İranın xüsusi təyinatlı qüvvələri ilə Azərbaycanın quru qoşunları hərbiçilərini Araz-2024 təlimlərində müşahidə edirik. Təlimin əsas məqsədi hərbi əməkdaşlıq sahəsində iki tərəfli əlaqələrin inkişafı və möhkəmləndirilməsi, qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrə qarşı birgə mübarizədə əməkdaşlıq, hər iki tərəfin maraqlarına uyğun olaraq hərbi bacarıqların və eyni zamanda potensialın artırılması, əməliyyat-taktiki səviyyədə əməkdaşlıq və son olaraq da ümumi sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasıdır. Hər bir təlimin keçirilməsində ilk növbədə duran məsələlərdən biri hərbi qulluqçular arasında təcrübə mübadiləsi, eynilə döyüş qabiliyyətinin artırılması, hansısa bir təhlükə və təhdidlə qarşılaşdığı zaman görüləcək cavab tədbirlərinin vərdiş halına gətirilməsi dayanır". 

Ekspert Araz-2024 təlimlərindən söz açaraq, bu təlimlərin əvvəl keçirilən təlimlərlə fərqindən danışıb:

"Araz-2024 təlimlərinin əvvəlki illərdə keçirilən təlimlərdən fərqi çətin relyefli ərazilərdə, soyuq iqlim şəraitində hərbiçilərin döyüş hazırlığının yüksəldilməsi, relyefə və iqlimə uyğun olaraq məşqlərin keçirilməsidir. 
II Qarabağ müharibəsindən sonra Azərbaycan ordusunun qəhrəmanlığı və döyüş hazırlığı nəticəsində nəinki İran digər dövlətlər də Azərbaycan ordusunun bölmələri ilə təlim keçirmək niyyətindədirlər. Bundan sonra da biz istər regional, istərsə də beynəlxalq arenada hətta inkişaf etmiş ölkələrin orduları ilə birgə təlimlərimizi müşahidə edəcəyik". 

Hərbi ekspert sonda hər bir təlimin ordumuzun döyüş hazırlığının və peşəkar bacarıqlarının artırılmasına xidmət etdiyini vurğulayıb.

Banuçiçək Kalbalıyeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il