“Özünə inamsızlıq-insanın öz bacarıqlarına, potensialına, dəyərlərinə qarşı olan etibarının aşağı olmasıdır”.
Bu sözləri Crossmedia.az-a açıqlamasında psixoloq Aygün Cəfərova deyib. O qeyd edib ki, özünə inamsızlıq insanın böyüdüyü ailə, yetişdiyi mühit, cəmiyyət və yaşadığı həyat təcrübələrinə görə yaranır.
A. Cəfərova bu problemin qarşısını almaq üçün lazım olan əsas nüanslardan bəhs edib:
"Bu nüanslar arasında ən önəmlilərindən biri insanın özünə inamsızlığının altında yatan "alt düşüncə"dir. Bununla üzləşərək ortadan qaldırmaq və daha sonra gününü sağlam həyat tərzinə çevirmək gərəklidir. Şəxs qarşısına böyük hədəflər qoymalı, onu kiçik hissələrə bölməlidir. Xırda-xırda nailiyyətlər insanın özünə inamını qismən də olsa toparlaya bilir.
İnsanın özünə inamsızlığının altında yatan "alt düşüncə" tapılıb, neytrallaşdırılmadığı halda, sadalananlarının hamısının: sağlam həyat tərzi, kiçik hədəflər və.s müsbətə doğru dəyişməyə qismət təsir edir və köklü dəyişikliklərə səbəb ola bilmir. Çünki özünə inamsız olan insanın maksimum dərəcədə özünə qarşı şübhə və mənfi düşüncələri olur.
Özünü dəyərsiz və yetərsiz hiss etdiyinə görə,kiçik və ya böyük fərqi olmadan əldə etdiyi nailiyyətlərə rəğmən hər daim nəyinsə çatışmadığını, alınmadığını, yetərsiz olduğunu düşünəcək və hər zaman özü ilə mübarizədə olacaq. Ona görə də altda yatan o problemli düşüncəni tapmaq mütləqdir”.
Tək başına bunun öhdəsindən gəlməyin çox çətin olduğunu vurğulayan psixoloq, peşəkar psixoloji dəstəyin problemin ən düzgün həll yolu olduğunu bildirərək fikrini yekunlaşdırıb.
Aysel Ağakərimova