Vergi qanunvericiliyindəki dəyişiklik istiqamətlərindən hər il biz vergi inzibatçılığının təkmilləşdirilməsini də nəzərdə tuturuq.
Crossmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, artıq bazar mülkiyyətçisi bazarda yalnız vergi uçotuna alınmış sahibkarın işləməsinə icazə verəcək:
"Məhz bazarlar, bildiyimiz kimi, sahibkarların, xüsusilə də mikrosahibkarların kütləvi şəkildə fəaliyyət göstərdiyi yerlərdir. Bu zaman bazar operatorları və bazar mülkiyyətçiləri üzərindən həmin mikrosahibkarların bazardakı obyektin uçota alınmasını təşviq etmək istiqamətində qanunda dəyişikliklər etmişdik.
Artıq bazar mülkiyyətçisi həmin bazarda yalnız vergi uçotuna alınmış sahibkarın işləməsinə icazə verəcək.
Həmin icarə müqaviləsinin qüvvəyə minməsi üçün, həmin icarə münasibətlərinin leqal şəkildə qüvvədə olması üçün də məhz həmin obyektin, həmin sahibkarın təsərrüfat obyekti kimi uçota alınması əsas götürülüb".
"Burada xüsusilə vurğulamaq istərdim ki, bazarlarda fəaliyyət göstərən sahibkarların vergi yükü ümumiyyətlə artırılmır. Burada yeganə məqsəd uçotun, şəffaflığın və qanuni fəaliyyətin bərpa edilməsidir", - deyə o vurğulayıb.