Çarpaz baxış

Azərbaycanda su ehtiyatlarının azalması və su təchizatı problemləri son illərdə daha da kəskinləşib. Xüsusilə Xəzər dənizində suyun çəkilməsi və Kür çayında su səviyyəsinin azalması ölkənin su təchizatı üçün ciddi risklər yaradır. 

Mövzu ilə bağlı ekoloq, "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Crossmedia.az-a danışıb. O bildirib ki, Azərbaycanın su ehtiyatları bu gün faciəvi şəkildə deyil:


"Bu gün Azərbaycanın yetəri qədər su ehtiyatı var. Lakin bizim su təminatımız bir az problemli məsələdir. Azərbaycanın su ehtiyatlarının 71%-i transsərhəd çayları, yəni Kür, Araz, Samur çaylarının hesabına formalaşır. Qalan 29%-i isə daxili çaylarımız, bulaqlarımız təşkil edir.   Buzlaqlarımızın sayı və sahəsi isə olduqda azdır. Xüsusən son illərdə buzlaqlarımızın sahələri kiçilməyə başlayıb. Yeraltı su ehtiyatlarımız isə kifayət qədər var. Bu su ehtiyatları xüsusi dövlət nəzarətindədir. Dövlət sərəncamı olmadan istifadə oluna bilməz. Mingəçevir su anbarında yetərincə su ehtiyatı var. Su qıtlığı dövründə tədricən də olsa Mingəçevir su anbarından istifadə etmək olar. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə su ehtiyatı çox zəngindir, safdır. Onları dəyərləndirməli, düzgün istifadə etməliyik".

Ekoloq qeyd edib ki, Kür çayında su səviyyəsinin azalması bir neçə səbəblə bağlıdır:

“Kür çayının səviyyəsi təbii olaraq azalır. Dediyimiz kimi, Kür çayı transsərhəd çaydır. Öz mənbəyini Türkiyədən götürür. Xəzər dənizinə qədər 3 ölkə – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisindən keçir. Gəldiyi yer boyu iqlim dəyişikliyi, Gürcüstanda və Türkiyədə suvarma, Azərbaycanın qərb rayonlarında əkinçiliyə üstünlük verilməsi ilə bağlı suyun əkin sahələrinə verilməsi deltada, yəni mənsəbdə suyun səviyyəsinin azalmasına səbəb olur. Hətta ötən il suyun səviyyəsi kəskin şəkildə azalmışdır".

Həmsöhbətimiz bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması hallarına müxtəlif illərdə rast gəlinib:

“Xəzər dənizi milyon illərdir mövcuddur. Formalaşdığı bu illər ərzində suyun səviyyəsi daha çox azalaraq gedib. Təbiidir ki, zaman-zaman dənizin səviyyəsi həm azalır, həm yüksəlir. 80-ci illərin sonuna doğru Xəzər dənizində suyun səviyyəsi olduqca artmışdır. 1989-1990-cı illərdə Bakı, Sumqayıt bulvarı ərazisi su altında qalmağa başlamışdı. İndi isə əks proses baş verir. Xəzər dənizinin səviyyəsi azalmağa doğru gedir. Bunu yalnız iqlim dəyişikliyi ilə bağlamaq doğru deyil. Suyun səviyyəsi azalsa da, müəyyən müddət ərzində yenidən qalxacaq. Təbii ki, iqlim dəyişikliklərinin, qlobal istiləşmənin də təsirləri var. Fikrimcə, bu gün Xəzərin səviyyəsinin azalması kritik həddə deyil. Aprel ayına kimi suyun səviyyəsi sabit olaraq qalacaq. Hətta artması da müşahidə olunur".

Son olaraq Qorxmaz İbrahimli qeyd edib ki, Azərbaycanda əsasən sudan istifadə ilə bağlı problemlər var. Sudan düzgün istifadə etmirik. Xüsusilə suvarma sistemi düzgün qurulmayıb. Bu mövzuda maarifləndirilmə işləri aparılmalıdır.

Saida Ramazanovi

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il