Çarpaz baxış

Son illərdə Azərbaycanın beynəlxalq arenada əldə etdiyi siyasi, iqtisadi və mədəni uğurlar regionda və dünyada maraqlarını təmin etməyə çalışan bəzi qüvvələr üçün təzyiq vasitəsinə çevrilmişdir. Təəssüf ki, uzun illərdir Qərbdə bəzi media və qeyri-hökumət təşkilatları vasitəsilə Azərbaycana qarşı sistemli bir informasiya müharibəsinin aparıldığının şahidi oluruq. Bu kampaniyaların başlıca məqsədi Azərbaycanın müstəqil, milli maraqlara əsaslanan xarici siyasətini dəyişdirmək və regionda strateji mövqelərə malik olan ölkələrin maraqlarına uyğun fəaliyyət göstərməsini təmin etməkdir. Bu istiqamətdə Azərbaycana qarşı yönəldilən təzyiqlər, insan hüquqları və demokratiya məsələlərinin qəsdən şişirdilməsi, enerji sektorunda üstünlük əldə etmə cəhdləri və ictimai rəyin manipulyasiyası vasitəsilə ölkənin beynəlxalq imicinə xələl gətirmək məqsədini daşıyır.

Mövzu ilə bağlı Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu Crossmedia.az saytına açıqlamasında bildirib ki: “Təəssüf ki, uzun illərdir Qərbin Azərbaycana qarşı informasiya müharibəsi apardığının şahidi oluruq. Bu müharibə əsasən beynəlxalq media və qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirilir. Aparılan informasiya müharibəsinin başlıca məqsədi Azərbaycana təzyiq edərək onun müstəqil, milli maraqlara əsaslanan xarici siyasətini dəyişməyə və regionda strateji maraqları olan ölkələrin hədəflərinə uyğun fəaliyyət göstərməyə məcbur etməkdir. Müxtəlif media resurslarında yayılan məlumatlarda Azərbaycanla bağlı münaqişəli mövzular qəsdən şişirdilir və ölkənin imici mənfi təqdim edilir”.

Aparılan bu kompaniyada Qərbin müəyyən məqsədləri var hansı ki, bu məqsədlər qərəzli və düşünülmüşdür və bir neçə istiqamətə yönəlib. Vüqar Zifəroğlu qeyd edir ki, Azərbaycana qarşı aparılan informasiya müharibəsinin məqsədi bir neçə istiqamətə yönəlib;

1. İctimai rəyin təsiri: Qərb ölkələri media resursları vasitəsilə Azərbaycan haqqında mənfi imic formalaşdırmağa çalışır. Bu, beynəlxalq ictimaiyyəti Azərbaycan barədə müəyyən bir rəyə yönləndirmək məqsədi daşıyır və ölkənin daxili və xarici siyasətində təzyiq mexanizmi kimi istifadə olunur.

2. İnsan hüquqları və demokratiya: Çox vaxt insan hüquqları və demokratiya mövzuları önə çəkilərək Azərbaycanda olan vəziyyət qəsdən şişirdilir və ya yanlış istiqamətdə təqdim olunur. Bu cür addımlar Azərbaycanı Qərb dəyərlərini pozmaqda günahlandırmaq və ölkənin beynəlxalq arenada təcrid olunmasına nail olmaq məqsədi güdür.

3. Enerji və geosiyasət: Azərbaycan bölgədə strateji enerji mənbəyinə malik olduğundan, Qərb bu cür informasiya hücumlarını ölkəni öz təsir dairəsində saxlamaq və ya müəyyən güzəştlərə nail olmaq üçün istifadə edir. Bu informasiya müharibəsi vasitəsilə Azərbaycanı beynəlxalq enerji layihələrində, xüsusən də Avropa ilə enerji təminatında təzyiq altında saxlamaq məqsədi güdülür”.

Azərbaycan üçün bu cür informasiya hücumlarına qarşı əks tədbirlər görmək və beynəlxalq arenada ölkənin müsbət imicini qorumaq vacibdir. Artıq dünyada gedən müharibələrin strukturu dəyişib. Qərbin Azərbaycana qarşı apardığı informasiya müharibəsinə qarşı güclü olmaq lazımdır. Bizə qarşı yönəldilən şişirdilmiş və əsassız məlumatlar əsasən sosial media üzərindən yayıldığı üçün daha diqqətli olmalı və sosial mediada da bizə qarşı yönəlmiş əsassız, qərəzli məlumatlara qarşı aktiv mübarizə aparmalıyıq.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il