Ermənistan, Azərbaycanla sülh sazişinin imzalanmasında Qərbin vasitəçiliyindən yararlanmaq istəyir. Bu addım regionda güclənən geosiyasi rəqabət fonunda diqqət çəkir. Rusiyalı politoloq Stanislav Tarasovun sözlərinə görə, İrəvanın bu seçimi, Qərbin Ermənistanın tərəfini saxlamasına ümid bəslədiyini göstərir. Lakin Rusiyanın Cənubi Qafqazdakı artan rolu və regionda sabitlik yaratmaq səyləri bu prosesə təsir edə bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əli Zülfüqaroğlu bildirir ki, Ermənistanın Qərbin himayəsi altında sülh sazişi imzalamağa çalışması bir məqsəd güdür. Onun sözlərinə görə, Ermənistan Qərbin dəstəyindən faydalanmaqla Azərbaycanın üzərində təzyiq vasitələri formalaşdırmağa çalışır. Bu yolla, Ermənistanın öz maraqlarını və Qərbin maraqlarını nəzərə alan bir sülh sazişi əldə etmək istəyi ortaya çıxır.
Zülfüqaroğlu vurğulayır ki, Azərbaycanın mövqeyi aydındır: Ermənistanın ərazi iddialarından imtina etməsi, konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk Qrupunun mandatının ləğvi kimi konkret tələblər ön plandadır. Azərbaycan üçün üçüncü tərəflərin prosesə müdaxiləsinin qarşısını almaq mühüm əhəmiyyət kəsb edir, çünki bu, gələcəkdə separatizm təhlükəsini aradan qaldırmağa yönəlib.
Azərbaycanın bu strateji mövqeyinə qarşılıq olaraq Ermənistan, Qərbin dəstəyi ilə danışıqlar prosesində Bakının qəbul edə bilməyəcəyi təkliflərlə çıxış edir. Zülfüqaroğlu hesab edir ki, Qərbin bu cür yanaşması bölgədə sabitliyi pozmağa və qarşıdurmaları alovlandırmağa xidmət edir. Onun sözlərinə görə, yeni problemlərin yaradılması və mövcud problemlərin qabardılması ilə Qərb regiona müdaxilə etməyə çalışır.
Azərbaycan isə sülh prosesində mövqeyinin strateji və uzaqgörən olduğunu ifadə edərək, regionda davamlı sabitlik naminə bu mövqedən geri addım atmaq niyyətində deyil.
Nihat Tahirov