Azərbaycan beynəlxalq arenada informasiya siyasətinin strateji istiqamətlərini təkmilləşdirərək, əhəmiyyətli qlobal tədbirlərdə öz mövqelərini gücləndirməkdə davam edir. Bu siyasətin ən bariz nümunələrindən biri, ölkənin COP29 – İqlim Dəyişikliyi üzrə BMT-nin Konfransı çərçivəsində nümayiş etdirdiyi uğurlu fəaliyyət oldu. İstər ölkəmizin yüksək səviyyədə ev sahibliyi, istərsə də konfransda qəbul edilən qərarlar, COP29-u məhsuldar etməklə yanaşı, yaddaqalan etdi. Bu mənada əlbəttə ki, informasiya sahəsində görülən işlər də olduqca önəmli idi və xüsusi əhəmiyyətə malik oldu.
Məlum olduğu kimi, COP29 tədbiri iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin bir araya gəldiyi vacib platformadır. Bu konfrans, həm siyasi, həm də iqtisadi cəhətdən əhəmiyyətli olan məsələlərin müzakirə olunduğu bir arena olaraq, Azərbaycan üçün də geniş imkanlar açdı. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, ölkəmiz qlobal iqlim təşəbbüslərinə qoşulmaqla yanaşı, həm də milli maraqlarını qorumağı və beynəlxalq ictimaiyyətə bir daha ən yüksək tribunadan öz həqiqətlərini çatdırmağı bacardı.
Bu mənada Azərbaycanın COP29-da iştirakı zamanı iki əsas istiqamətdə uğur qazandığını vurğulaya bilərik. İlk növbədə Ekoloji siyasət və innovativ həllər vacib istiqamət vurğulanmalıdır. Azərbaycan “yaşıl enerji” təşəbbüslərini və ətraf mühitin qorunması sahəsində apardığı islahatları təqdim etdi. Qarabağ və Şərqi Zəngəzur regionlarının "yaşıl enerji zonası" elan olunması, Azərbaycanın təmiz enerji istehsalına verdiyi üstünlük beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi, eyni zamanda innovativ həllərin tətbiqi baxımından diqqət çəkdi. Bunu həm konfransın gedişatı zamanı müzakirələrdə iştirak edən mütəxəssislərin çıxışlarından, həm də beynəlxalq mediada yayımlanan məzmunlardan görmək mümkündür. Bu təşəbbüslər Azərbaycanın ekoloji siyasətinin nə qədər məqsədyönlü və gələcəyə istiqamətlənmiş olduğunu bir daha təsdiq etmiş oldu.
İkinci istiqamət olaraq İnformasiya siyasəti və bu kontekstdə beynəlxalq media ilə əməkdaşlıq məsələlərini qeyd edə bilərik. Konfrans zamanı Azərbaycanın informasiya siyasəti qlobal auditoriyaya uğurla çatdırıldı. Xüsusilə, ölkənin iqlim siyasəti, enerji təhlükəsizliyi və regional əməkdaşlıqla bağlı mövqeləri beynəlxalq mediada geniş işıqlandırıldı. Ölkəmiz bu mənada “yaşıl enerji” siyasətini beynəlxalq ictimaiyyətin nəinki müzakirəsinə təqdim etdi, hətta bu istiqamətdə uğurlu geridönüşlər də əldə etdi.
Hər iki istiqamətdə əldə edilən uğurların əsasında isə, Azərbaycanın COP29 çərçivəsində öz informasiya siyasətini strateji şəkildə həyata keçirməsi ilə birbaşa bağlıdır. Bu siyasətin uğurunu isə bir sıra əhəmiyyətli faktorlar təmin etdi.
Onlardan ilki Peşəkar informasiya platformalarında aktiv fəaliyyətdir. Konfransdan əvvəl və onun gedişində Azərbaycanın milli media qurumları və beynəlxalq tərəfdaşlar vasitəsilə məlumatların yayılması sistemli şəkildə təmin edildi. Bu isə ilk əvvəl ölkəmiz əleyhinə fəaliyyət göstərən bir sıra quruluşların yaratdığı bilgi çirkliliyinin ciddi şəkildə qarşısını aldı.
Digər vacib faktor kimi Sosial media və rəqəmsal kampaniyaları qeyd etmək lazımdır. Azərbaycan COP29 iştirakını qlobal səviyyədə tanıtmaq üçün sosial media platformalarından aktiv şəkildə istifadə etdi. Bu isə ölkənin mövqeyini geniş auditoriyaya çatdırmağa imkan verdi. Qrafik materiallar, video kampaniyalar və interaktiv kontentlər vasitəsilə iqlim dəyişikliyi ilə bağlı Azərbaycanın yanaşması aydın şəkildə təqdim edildi. Burada vurğulanmalı olan vacib məqam həm də ondan ibarətdir ki, sözügedən kampaniyalara həm də xaricdə yaşayan, proseslərə obyektiv rəy və münasibət bildirən mütəxəssislər də qoşuldular.
Üçüncü, ən vacib faktoru isə dəqiq mesajların verilməsi kimi xarakterizə etmək olar. Azərbaycanın iqlim siyasəti və milli maraqları ilə bağlı əsas mesajları beynəlxalq auditoriyaya dəqiq və anlaşılan formada çatdırıldı! Bu isə, ələlxüsus ölkəmizə qarşı çirkin kampaniya aparan qüvvələrin oyunlarının qarşısının alınması baxımından olduqca önəmlidir.
COP29-dakı iştirak, Azərbaycanın informasiya siyasətindəki güclü tərəfləri üzə çıxartdı və gələcəkdə bu istiqamətdə təkmilləşmə üçün bir yol xəritəsi yaratdı.
COP29 çərçivəsində Azərbaycan bir sıra beynəlxalq media qurumlarının qərəzli mövqeyi ilə üzləşsə də, bu təzyiqlərə qarşı effektiv informasiya siyasəti ilə cavab verdi. Ölkə nümayəndələri, həmçinin qeyri-hökumət təşkilatları və müstəqil ekspertlər bu cür qərəzli yanaşmalara qarşı arqumentlər irəli sürərək, Azərbaycanın həqiqətlərini qlobal ictimaiyyətə çatdırdılar.
Nəticədə Azərbaycanın informasiya siyasəti həm qərəzli təbliğata qarşı əsaslı duruş nümayiş etdirmək, həm də beynəlxalq ictimaiyyəti obyektiv məlumatla təmin etmək məqsədinə xidmət etdi. Bu isə həm ölkəmizin beynəlxalq imicini gücləndirdi, həm də onun mövqeyini daha da möhkəmləndirdi. COP29 Azərbaycanın qlobal problemlərin həllində lider mövqeyini təsdiqlədi və beynəlxalq əməkdaşlıqların gücləndirilməsi baxımından mühüm mərhələ oldu. Bu uğurlar ölkənin milli maraqlarını müdafiə etməkdə və beynəlxalq ictimaiyyətdə obyektiv imicini formalaşdırmaqda strateji əhəmiyyət daşıyır.
COP29 çərçivəsində Azərbaycanın həm parlaq ev sahibliyi, həm də uğurlu iştirakı bir daha göstərdi ki, informasiya siyasəti qlobal arenada milli maraqların qorunmasında həlledici rol oynayır. Azərbaycan həm ekoloji siyasətini, həm də informasiya siyasətini uğurla sintez edərək, qlobal məsələlərdə öz mövqeyini təsdiqlədi. Bu təcrübə gələcək beynəlxalq tədbirlərdə daha da təkmilləşdirilərək, ölkənin strateji maraqlarına xidmət etməyə davam edəcək.
Vüqar Zifəroğlu
Mətbuat Şurasının sədr müavini
BDU-nun Jurnalistika fakültəsinin dekanı