Polşa Prezidenti Andjey Duda Ermənistana xüsusi səfər edib. Səfər çərçivəsində o, İrəvanda Azərbaycan-Ermənistan sülh prosesi və Avropa İttifaqının (Aİ) müşahidə missiyasının fəaliyyəti ilə bağlı müzakirələr aparıb. Həmçinin Azərbaycan-Ermənistan sərhədində yerləşən Arazdəyən bölgəsinə baş çəkərək missiyanın fəaliyyəti ilə yerində tanış olacaq.
Hazırda Aİ müşahidə missiyasının mandatı 2025-ci ilin fevralında başa çatır. Lakin Brüssel və İrəvan bu müddətin uzadılmasını hədəfləyir. Bunun üçün bütün Aİ üzv dövlətlərinin razılığı tələb olunur. Azərbaycan isə bu qərara qarşıdır və mövqeyini müdafiə etmək üçün Macarıstan vasitəsilə diplomatik addımlar atmağı planlaşdırır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əli Zülfüqaroğlu bildirib ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası bölgədə sülhün və sabitliyin təmin edilməsinə deyil, əksinə, sülh prosesinə mane olan bir faktora çevrilib:“Bu missiyanın əsas məqsədi Ermənistan və Qərbin maraqlarını təmin etməkdir. Qərb, sülh prosesində Ermənistanı həvəsləndirici və təhlükəli addımlarla dəstəkləyərək onu danışıqlardan yayındırmağa çalışır. Biz bunu zaman-zaman müşahidə etmişik.”
Politoloq vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh əldə edilməsi, Ermənistan üzərindəki təzyiqlərin azalması deməkdir ki, bu da Qərbin və digər üçüncü dövlətlərin bölgədə maraqlarını diktə etməsinə mane olur. Buna görə də müxtəlif “missiyalar” adı altında bölgədə təsir imkanlarını qorumağa çalışırlar.
Əli Zülfüqaroğlu qeyd edib ki, Azərbaycan Aİ müşahidə missiyasının fəaliyyətinə qarşı çıxmaqla yanaşı, Ermənistanla birbaşa danışıqların davam etdirilməsinə üstünlük verir:“Xüsusilə, üçüncü tərəflərin, o cümlədən Fransanın prosesdən kənarlaşdırılması Azərbaycan üçün vacibdir. Lakin görünür ki, Aİ müşahidə missiyasının fəaliyyət müddətinin uzadılması üçün təzyiqlər artır. Polşa Prezidenti Andjey Dudanın səfəri də təsadüfi deyil. Polşa, Aİ Şurasına rəhbərlik edəcəyi dövrdə müşahidə missiyasının fəaliyyət müddətinin uzadılmasına nail olmağa çalışır.”
Politoloq əlavə edib ki, Aİ-nin bu mövqeyi Ermənistanın sərhəddə təxribatlara əl atmaq ehtimalını artırır. Bu isə bölgədə gərginliyin yenidən artması ilə nəticələnə bilər.
“Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində uğurlu addımlar atır və bu, bölgədə sabitliyin təmin edilməsinə zəmin yaradır. Lakin Aİ müşahidə missiyasının fəaliyyətini əsaslandırmaq üçün Ermənistan sərhəddə təxribat törədə bilər. Bu, üçüncü qüvvələrin prosesə müdaxiləsini davam etdirmək məqsədi güdür.”
Sonda politoloq vurğulayıb ki, Aİ-nin müşahidə missiyası bölgədə sülhün təmin olunması üçün deyil, daha çox gərginliyin artırılması və prosesin ləngidilməsi üçün bir vasitəyə çevrilib.
Maral Şahverdili