İngiltərənin müdafiə sənayesi nəhəngi “BAE Systems” Krallıq Donanması üçün hazırlanmış “Herne” adlı yeni nəsil ekstra böyük (XL) avtonom sualtı aparatını təqdim edib. Tamamilə hərbi məqsədlər üçün dizayn edilmiş bu innovativ sualtı qayıq, geniş bir vəzifə spektrini icra etmək qabiliyyətinə malikdir. “Herne” sualtı infrastrukturunun müşahidəsi və qorunmasından tutmuş, dənizaltı döyüşlərdə dəstək və gizli kəşfiyyat missiyalarına qədər müxtəlif tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub.
“Herne” müasir “Nautomate” idarəetmə sistemi ilə təchiz olunub. Bu yüksək ixtisaslaşmış avtonom idarəetmə sistemi daha öncə üzən vasitələrdə uğurla test edilib və artıq “Herne”də də tətbiq olunur. “Nautomate” həm yeni, həm də mövcud platformalara asanlıqla inteqrasiya edilə bilən açıq arxitekturalı bir texnologiyadır. Sistem 6 metrdən 50 metrədək olan müxtəlif ölçülü gəmilərdə istifadə edilə bilir və yüksək səviyyədə əməliyyat elastikliyi təmin edir.
“BAE Systems” “Herne” layihəsinin ilk prototipini hazırlamaq üçün Kanadada yerləşən “Cellula Robotics” şirkəti ilə əməkdaşlıq edib. Bu tərəfdaşlıq sayəsində layihə konsept mərhələsindən real yerləşdirilmə və test mərhələsinə qədər cəmi 11 ay ərzində tamamlanıb.
“Herne” analoqları arasında modulyar dizaynı və hidrogen yanacaq hüceyrəli hərəkət sistemi ilə fərqlənir. Bu texnologiya ona 45 gün ərzində suyun altında qalmaq və 5 min kilometr məsafə qət etmək imkanı verir.
Aparat müxtəlif tapşırıqlar üçün uyğunlaşdırıla bilər: kəşfiyyat, nəzarət, hədəflərin müəyyən edilməsi, dəniz təhlükəsizliyi və sualtı döyüşlər. Bundan əlavə, cihaz ölümcül olmayan gəmi saxlayan sistemlər, uzaqdan idarə olunan silahlar, 360 dərəcə panoramik və pan-tilt nəzarət kameraları, həmçinin siqnal kəşfiyyatı kimi müxtəlif funksional avadanlıqların inteqrasiyasına imkan verir.
“Herne” öz innovativ texnologiyası ilə gələcəkdə dəniz müharibəsi və təhlükəsizlik əməliyyatlarında əhəmiyyətli rol oynayacağı gözlənilir.
Sevinc Abuşova