Xəzər dənizinin duzsuzlaşdırılması Azərbaycanın su təchizatında mühüm rol oynayacaq.
Crossmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) müşaviri Əsəd Şirinov BMT-nin COP29 konfransı çərçivəsində keçirilən “Su ehtiyatlarının idarə edilməsində dövlət-özəl tərəfdaşlıqlarının rolu” mövzusunda paneldə çıxışı zamanı səsləndirib.
Şirinov bildirib ki, iqlim dəyişikliyi, temperaturun yüksəlməsi və qeyri-müntəzəm yağıntılar su ehtiyatlarını azaldır. Azərbaycan yarımsəhra iqlimində yerləşdiyi üçün əsasən Kür və Araz çaylarından asılıdır ki, bu da suyun keyfiyyəti və axını baxımından ölkəni həssas edir.
Müşavir bu təşəbbüsün qabaqcıl texnologiyaların tətbiqi ilə içməli su əldə etməyə yönəldiyini bildirib. Layihə, həmçinin dövlət-özəl tərəfdaşlıqları çərçivəsində həyata keçirilə bilər ki, bu da infrastrukturun inkişafı və maliyyə resurslarının artırılması üçün vacibdir.
Panel iştirakçıları su problemlərinin qlobal miqyasda artdığını, təmiz su ehtiyacının 1 milyard insana təsir etdiyini və bu məsələlərin həlli üçün özəl investisiyanın vacibliyini vurğulayıblar. Özbəkistan təcrübəsinə istinadla bildirilib ki, DÖT-lər vasitəsilə su layihələrinə milyardlarla dollar sərmayə qoyulub.
Tədbir müzakirələrlə yekunlaşıb.
Gültac Mehdizadə