BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu bir daha təsdiqləyir və Azərbaycan üçün bir sıra iqtisadi və strateji üstünlüklər yaradır. Azərbaycanın yaşıl enerji sahəsində əldə etdiyi uğurlar və ekoloji dayanıqlılıq istiqamətində atdığı addımlar nəzərə alındıqda, bu tədbirin ölkəmizin qlobal arenada mövqeyini daha da gücləndirəcəyi gözlənilir.
Crossmedia.az COP29-un Azərbaycanın beynəlxalq imici, iqtisadi perspektivləri və xarici investisiyalar üçün yaratdığı imkanlar barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Vüqar Bayramovla həmsöhbət olub.
- Vüqar müəllim COP29 tədbiri ilə Azərbaycanın qlobal arenada beynəlxalq imici necə güclənəcək və bu iqtisadiyyata necə təsir edəcək?
-COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq imicini gücləndirəcək mühüm amillərdən biridir. Bu, ölkənin qlobal iqlim dəyişikliyi ilə bağlı tədbirlərə verdiyi dəstəyin bir sübutudur və Azərbaycanın ekoloji dayanıqlılığa verdiyi önəmi göstərir. Beynəlxalq arenada belə bir tədbirin keçirilməsi ölkənin diplomatik nüfuzunu artıraraq, beynəlxalq təşkilatlar və ölkələr arasında mövqeyini daha da möhkəmləndirəcək. İqtisadi təsirlərə gəldikdə isə, bu tədbir xarici sərmayəçilərin və potensial iş ortaqlarının diqqətini Azərbaycana çəkərək, ölkəyə yeni investisiya imkanları və iqtisadi layihələr gətirə bilər.
- Azərbaycanın turizm və biznes sektoru bu nüfuzdan necə faydalana bilər?
-Azərbaycanın turizm sektoru COP29 sayəsində yeni imkanlar əldə edəcək. Tədbir zamanı ölkəyə gələcək minlərlə iştirakçı, o cümlədən dünya liderləri, investorlar və media nümayəndələri, Azərbaycanın mədəniyyəti, turizm potensialı və biznes mühiti ilə tanış olacaq. Bu, turizm sektorunda xidmətlərin artmasına, otel və restoran sektorlarının canlanmasına səbəb ola bilər. Biznes sektoru isə xarici investorlarla yeni əlaqələr qurmaq və mövcud iş imkanlarını genişləndirmək üçün bir platforma əldə edəcək.
-COP29 tədbirində iştirak edən qlobal şirkətlər Azərbaycan iqtisadiyyatına hansı investisiyalar edə bilər və bu şirkətlərin Azərbaycan bazarına daxil olması hansı yeni imkanlar yarada bilər?
-COP29-da iştirak edəcək qlobal şirkətlər, xüsusilə yaşıl enerji və ekoloji texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər, Azərbaycanda geniş investisiya imkanları tapa bilərlər. Bu tədbir, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyinin artırılması üçün yeni layihələrin başlanmasına şərait yarada bilər. Bu şirkətlərin Azərbaycan bazarına daxil olması texnologiya transferi, innovasiyaların tətbiqi və yeni iş yerlərinin yaradılması kimi faydalar gətirə bilər.Eyni zamanda, Azərbaycan, həm də Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya öz yaşıl enerjisini ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa İttifaqının yaşıl enerjiyə olan tələbinin ödənməsində xüsusi paya malik olacaq. Bu istiqamətdə də çox sürətli işlər həyata keçirilməkdədir.
-COP29 tədbirinin keçirilməsi Azərbaycan üçün hansı uzunmüddətli iqtisadi perspektivlər yaradacaq?
-Uzunmüddətli perspektivdə COP29 tədbirinin keçirilməsi Azərbaycanın ekoloji dayanıqlılıq və yaşıl iqtisadiyyat sahəsində mövqeyini gücləndirəcək. Bu, Azərbaycanın bərpa olunan enerji sahəsinə daha çox sərmayə cəlb etməsinə və Avropaya enerji ixracatını artırmasına imkan verəcək. Eyni zamanda, ölkə xarici sərmayəçilər üçün daha cazibədar bir iqtisadi mühitə çevriləcək və qeyri-neft sektorunun inkişafına təkan verəcək.
-Xarici investisiyaların artması mümkündürmü?
Bəli, xarici investisiyaların artması gözlənilir. COP29 kimi beynəlxalq tədbirlər xarici investorların ölkəyə olan marağını artırır. Xüsusən də qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı, turizm və bərpa olunan enerji sahələrində xarici sərmayələrin artması üçün əlverişli bir mühit yaranır.
Nəzərə alsaq ki, cənab Prezident İlham Əliyev yeni dövrün yeni hədəflərini müəyyənləşdirən zaman ölkəyə xarici sərmayələrin cəlb edilməsini Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi qeyd etmişdi.
-Bu tədbir enerji sektoruna (xüsusilə bərpa olunan enerji sahəsinə) investisiyaları stimullaşdıracaqmı?
-Əlbəttə, COP29 tədbiri enerji sektoruna, xüsusilə bərpa olunan enerji sahəsinə investisiyaların stimullaşdırılmasına səbəb olacaq. Azərbaycanın külək, günəş və bioenerji potensialı olduqca böyükdür və bu sahəyə investisiya qoymaq istəyən şirkətlər üçün geniş imkanlar mövcuddur. Azərbaycanın 27 QVt-lıq bərpa olunan enerji potensialı beynəlxalq investorların diqqətini cəlb edə bilər və bu tədbir onların ölkədəki layihələrə investisiya etməsinə təkan verəcək.
- Azərbaycan üçün COP29 tədbirinin keçirilməsinin əsas xərcləri nə olacaq və bu xərclər hansı iqtisadi dəyər gətirəcək?
-COP29-un keçirilməsi üçün əsas xərclər tədbirin təşkili, təhlükəsizlik tədbirləri, infrastrukturun təkmilləşdirilməsi və logistika xidmətlərinə yönəldiləcək. Lakin bu xərclər uzunmüddətli iqtisadi faydalar gətirə bilər. Məsələn, turizm və xidmət sektorlarının inkişafı, xarici sərmayələrin cəlb edilməsi və beynəlxalq tədbirlər üçün Azərbaycanın bir məkan kimi tanınması ölkəyə iqtisadi dəyər qazandıracaq. Nəticədə, qısa müddətdə xərclər artsa da, uzunmüddətli perspektivdə gəlirlər daha böyük ola bilər.
Əsli Telmanqızı