ABŞ: Vaşinqton və Tehran arasında razılaşma əldə oluna bilər
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton və Tehran arasında Hörmüz boğazının kommersiya gəmiləri üçün açılması ilə bağlı razılaşma avqustun 4-ü və ya 5-də əldə oluna bilər.
Crossmedia.az xəbər verir ki, "CNBC" bu barədə məlumat yayıb.
Bessentin sözlərinə görə, ABŞ tərəfi İranla danışıqları davam etdirir və tərəflər yaxın günlərdə boğazın açılması barədə razılığa gələ bilər.
“İranlılarla danışıqlar aparırıq. Bu gün və ya sabah boğazın açılması ilə bağlı razılıq əldə edib, daha normal vəziyyətə keçmək imkanımız var”, – deyə o bildirib.
Nazir qeyd edib ki, gərginliyə baxmayaraq, bəzi gəmilər artıq Hörmüz boğazından keçməyə davam edir. Onun fikrincə, boğaz tam açıldıqdan sonra dünya bazarında neft qiymətlərinin daha da ucuzlaşacağı gözlənilir.
Bundan əvvəl İran və Oman arasında Hörmüz boğazında gəmiçiliyin bərpasına dair razılaşmanın yekunlaşmaq üzrə olduğu bildirilmişdi. Məlumata görə, Fars körfəzinə daxil olan gəmilər İran sahilləri boyunca, körfəzdən çıxan gəmilər isə Oman sahilləri boyunca hərəkət edəcək.
16:54 04.08.2026
Oxunuş sayı: 54