Nauru ölkəsinin adı rəsmi olaraq dəyişdirilib
Sakit okeanda yerləşən Nauru dövlətinin rəsmi adı "Naoero Respublikası" olaraq dəyişdirilib.
Crossmedia.az xəbər verir ki, ABC News bu barədə məlumat yayıb.
Hökumətin açıqlamasına əsasən, ölkənin qısa adı "Naoero", beynəlxalq kodu isə "NRO" olacaq. Ölkə vətəndaşları üçün isə "dei-Naoero" ifadəsindən istifadə ediləcək.
Bildirilib ki, ad dəyişikliyi ilə bağlı beynəlxalq təşkilatlar və xarici dövlətlər rəsmi şəkildə məlumatlandırılıb və keçid prosesi artıq başlayıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) da Naurunun iyunun 26-da adını "Naoero Respublikası" olaraq dəyişdirdiyi barədə rəsmi bildiriş aldığını açıqlayıb.
Qeyd edək ki, bu təşəbbüs ölkə Prezidenti David Adeang tərəfindən cari ilin yanvarında irəli sürülmüş, may ayında isə parlament tərəfindən konstitusiya dəyişikliyi təsdiqlənmişdi.
Prezident bildirib ki, dəyişiklik ölkənin tarixi irsini, dilini və milli kimliyini daha dolğun əks etdirmək məqsədi daşıyır.
Hökumət sonradan bəyan edib ki, "Naoero" yeni ad deyil, ölkənin qədim və ənənəvi adıdır. Bu səbəbdən məsələ ilə bağlı referendum keçirilməsinə ehtiyac olmadığı qərara alınıb.
17:54 31.07.2026
Oxunuş sayı: 55