Yaponiyanın əsrlik üsulu: Ağacı kəsmədən taxta əldə edirlər
Yaponiyada əsrlərdir tətbiq olunan "Daisugi" adlı meşəçilik üsulu ağacları kəsmədən onlardan uzun illər ərzində taxta əldə etməyə imkan verir.
Crossmedia.az xəbər verir ki, "Antena3" bu barədə məlumat yayıb.
Məlumata görə, bu texnika XIV əsrdə Kioto prefekturasında yaranıb. Meşəçilər ağacların budaqlarını xüsusi qaydada budayaraq onların üst hissəsində yeni, düz gövdələrin əmələ gəlməsini təmin edirlər. Sonradan həmin gövdələr taxta kimi istifadə olunur, ana ağac isə böyüməyə davam edir.
Bildirilir ki, üsul məhdud meşə sahələrində tikinti materialına artan tələbatı ödəmək məqsədilə hazırlanıb. Bir ağac yüz illər ərzində dəfələrlə istifadə oluna bilən gövdələr verdiyi üçün meşələrin qırılmasına ehtiyac azalır.
Mütəxəssislərin sözlərinə görə, "Daisugi" texnikası bonsay sənətini xatırlatsa da, məqsədi ağacı kiçiltmək deyil, mümkün qədər çox sayda düz və keyfiyyətli gövdə yetişdirməkdir. Bunun üçün hər iki ildən bir budama aparılır və yalnız yuxarı hissənin inkişafına şərait yaradılır.
Qeyd olunur ki, bu üsulla yetişdirilən ağaclar 200-300 il ərzində məhsul verməyə davam edə bilir. Beləliklə, bir ağac ömrü boyu onlarla, hətta yüzlərlə istifadəyə yararlı gövdə formalaşdırır.
Ekspertlər hesab edirlər ki, meşələrin sürətlə məhv olduğu bir dövrdə bu cür davamlı meşəçilik üsulları təbiətin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
16:48 31.07.2026
Oxunuş sayı: 53