Analitiklər Putinin NATO-ya qarşı mümkün 5 hücum ssenarisini açıqladı
"Atlantik Şura"nın analitikləri Rusiya Prezidenti Vladimir Putinin gələcəkdə NATO ölkələrinə qarşı ata biləcəyi mümkün addımlarla bağlı beş ssenari irəli sürüblər.
Crossmedia.az xəbər verir ki, "Ynet News" bu barədə "Atlantik Şura"nın hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, ekspertlər Rusiyanın mümkün hədəfləri və fəaliyyət istiqamətləri kimi aşağıdakı ssenariləri qeyd ediblər:
Kalininqrad dəhlizi – Litva ərazisindən keçməklə Kalininqrad vilayəti ilə Rusiya arasında quru əlaqəsinin yaradılmasına cəhd;
Qotland adası – İsveçə məxsus strateji adanın nəzarətə götürülməsi və Baltik dənizində hərbi mövqelərin gücləndirilməsi;
Estoniyada 2014-cü il ssenarisi – Narva şəhərində iğtişaşların təşkili və separatçı qurum yaratmaq cəhdi;
Aland adaları – Finlandiyaya məxsus demilitarizasiya olunmuş arxipelaqın qəfil desant əməliyyatı ilə ələ keçirilməsi;
Şpisbergen arxipelaqı – Analitiklərin fikrincə, ən ehtimal olunan ssenari kimi qiymətləndirilir. Hesabatda iddia olunur ki, əvvəlcə rabitə kabelləri sıradan çıxarıla, daha sonra xüsusi təyinatlı qüvvələr turist adı altında adaya daxil olaraq hava limanını ələ keçirə bilər.
Hesabat müəlliflərinin fikrincə, bu ssenarilərin əsas məqsədi ərazi işğalından daha çox NATO-nun kollektiv müdafiə öhdəliyini praktikada sınaqdan keçirməkdir.
Qeyd edək ki, söhbət "Atlantik Şura" analitiklərinin qiymətləndirmələrindən gedir və bunlar mümkün ssenarilər kimi təqdim olunur. Rusiya tərəfi bu iddialarla bağlı mövqeyini açıqlamayıb.
12:38 26.07.2026
Oxunuş sayı: 72