On milyardlarla rubl zərər: Rusiyanın nəhəng platforması sarsılıb
Ukrayna dronlarının Rusiyanın ən böyük onlayn pərakəndə platformalarından biri olan “Wildberries”in anbarlarına hücumları ölkənin mülki iqtisadiyyatına və logistika sisteminə ciddi təsir göstərə bilər.
Crossmedia.az xəbər verir ki, “Financial Times” yazır ki, hücumlar Rusiyanın bölgələrdə əsas seçici qruplarından birinə yönəlmiş platformanın fəaliyyətini zəiflədir və “Wildberries”i Kreml üçün yeni həssas nöqtəyə çevirir.
Bildirilib ki, dron hücumları nəticəsində marketpleysin anbar sahələrinin təxminən 8 faizi məhv edilib. Zərərin məbləğinin on milyardlarla rubl olduğu qeyd olunur.
“Financial Times” yazır ki, bu itkilər Rusiyanın vergi sisteminə təsir edə, minlərlə kiçik sahibkarın fəaliyyətini çətinləşdirə və könüllülər tərəfindən cəbhə üçün alınan bəzi təchizatların çatdırılmasına mane ola bilər.
Məlumata görə, məhv olan mallar biznes sahiblərini gəlirlərdən məhrum edib. “Wildberries” dron hücumlarını fors-major halı kimi qiymətləndirib, lakin vəd edilən kompensasiyaların real itkilərin yalnız kiçik hissəsini qarşılayacağı bildirilir.
İqtisadçılar hesab edirlər ki, şirkətin logistikasında yaranacaq problemlər kredit ödənişləri üzrə defoltların artmasına və büdcə daxilolmalarının azalmasına səbəb ola bilər.
20:54 25.07.2026
Oxunuş sayı: 49