Rusiyanı dəstəkləyənlərdən şok etiraf: Putin pis diktatordur
ABŞ Prezidenti Donald Trampın bəzi nüfuzlu tərəfdarları Ukraynaya münasibətini dəyişməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, “The Telegraph” yazır ki, daha əvvəl Ukraynanı düşmən adlandıran və Kiyevə yardımın əleyhinə çıxan bəzi MAGA hərəkatı nümayəndələri indi Ukraynanın Rusiyaya qarşı mübarizəsində qalib gəlməsini dəstəkləməyə çağırırlar.
Bu mövqe dəyişikliyinə bir neçə amilin təsir etdiyi bildirilir. MAGA fəalı Laura Lumer Ukraynada gecəni sığınacaqda keçirdikdən sonra müharibəyə laqeyd yanaşması ilə bağlı əvvəlki mövqeyinin səhv olduğunu etiraf edib. Sağçı şərhçi Tim Pul da mövqeyini dəyişərək Rusiya Prezidenti Vladimir Putini pis diktator adlandırıb.
Nəşrə görə, Ukraynanın hərbi texnologiyaları da ABŞ-dəki bəzi dairələrdə böyük təəssürat yaradıb. ABŞ Quru Qoşunlarının naziri Den Driskoll Kiyevə səfərindən sonra bildirib ki, dronları, sensorları və zərbə vasitələrini vahid şəbəkədə birləşdirən “Delta” sistemi ABŞ analoqlarından daha effektivdir. Hazırda ABŞ Ukrayna istehsalı olan dronları almaq və birgə istehsalı inkişaf etdirmək imkanlarını nəzərdən keçirir.
“The Telegraph” həmçinin qeyd edir ki, İranla müharibə fonunda Vaşinqtonda və MAGA çevrələrində Rusiyanın Tehrana dəstəyi diqqət çəkib. Eyni zamanda Ukraynanın İran dronlarına qarşı mübarizə təcrübəsini bölüşməsi Kiyevin mövqeyinə təsir edib.
Nəticədə Ukrayna ABŞ-də getdikcə daha çox yardım istəyən tərəf kimi deyil, texnoloji və hərbi tərəfdaş kimi qəbul olunmağa başlayır.
20:38 25.07.2026
Oxunuş sayı: 53