İranın Hörmüzə nəzarət iddiası eskalasiyanı artıracaq: Yaxın Şərq üzərindəki "qara buludlar"
Yaxın Şərqdə gərginlik fonunda İranın Hörmüz boğazı ilə bağlı son bəyanatları beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Rəsmi Tehran boğaz üzərindəki suveren hüquqlarını bütün vasitələrlə qoruyacağını açıqlayıb və ABŞ ilə danışıqlara dair sərt mövqe nümayiş etdirib. Mütəxəssislər hesab edirlər ki, bu cür açıqlamalar regionda onsuz da həssas olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirə bilər. Hörmüz boğazı dünya enerji tədarükünün əsas marşrutlarından biri hesab olunduğundan burada baş verən hər hansı gərginlik qlobal bazarlara da təsirsiz ötüşmür. Digər tərəfdən, Vaşinqton və Tehran arasında münasibətlərin gələcək istiqaməti də diqqətlə izlənilir. Analitiklər mümkün hərbi eskalasiyanın regional aktorların prosesə cəlb olunması riskini artırdığını bildirirlər. Eyni zamanda, neft bazarında qiymət dəyişiklikləri və beynəlxalq dəniz daşımalarının təhlükəsizliyi də əsas müzakirə mövzularından biridir. Mövcud vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi isə tərəflərin atacağı növbəti addımlardan asılı olacaq.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Natiq Miri bildirib: "İranın bu cür davranışı və beynəlxalq hüquqa zidd, xüsusilə də BMT-nin azad dənizçilik, naviqasiya konvensiyasına zidd davranışları, Hörmüz boğazına nəzarət iddiası, əlbəttə, eskalasiyanın daha da şiddətlənməsinə səbəb ola bilər. Çünki artıq 10 gündür ard-arda qarşılıqlı zərbələr davam edir. ABŞ-nin zərbələri daha dağıdıcıdır. Düşünürəm ki, bu, getdikcə daha da genişlənə və yanğın sahəsini genişləndirə bilər. Bir tərəfdə ABŞ sahil boyu bütün hərbi infrastrukturu məhv edəndən sonra quru qoşunları vasitəsilə Hörmüz boğazı boyunca quru adaları işğal etməyə başlaya bilər. Belə vəziyyətdə Səudiyyə Ərəbistanı, Yəmən hökuməti husilərə qarşı əməliyyatlara başlaya bilər. Yəni havadan Səudiyyə Ərəbistanının ciddi dəstəyi ilə Yəmən qoşunları quru əməliyyatlarına başlaya bilər. Və Səudiyyə Ərəbistanı vurulduğu təqdirdə husilər tərəfindən, Pakistan da Səudiyyə Ərəbistanı ilə imzaladığı müqavilə kontekstində prosesə müdaxilə edə bilər. Söhbət İrana qarşı əməliyyatda iştirakdan getmir, ancaq husilərə qarşı Pakistan havadan dəstək verə bilər. Çünki Bab əl-Məndəb sadəcə Səudiyyə Ərəbistan məsələsi deyil. Bu, Körfəz ölkələri, region, eyni zamanda ABŞ-nin geosiyasi maraqlarının olduğu qlobal bir məsələdir. Çünki bu məsələ həm neft, həm də qlobal iqtisadiyyatda ciddi böhrana sürükləyə bilər prosesi. Ona görə də qarşıdurma sahəsi daha da böyüyə, Körfəz ölkələrinin prosesə iştirakı genişlənə bilər. Tehranın danışıqlardan imtina etməsi situativ hadisə kimi qəbul olunmalıdır. Bu, sadəcə bir görüntü xarakterlidir və daha çox həm qlobal, həm də daxili auditoriyaya hesablanıb. Çünki ABŞ-nin ciddi, dağıdıcı zərbələrindən, xüsusilə də nəqliyyat, kommunikasiya və loqistika məhv ediləndən sonra, o cümlədən tikilməkdə olan yeni Darxovin Atom Elektrik Stansiyasına zərbələr endiriləndən sonra artıq İrandan danışıqlar aparmağa razı olduğu bəyanatları səslənir. Birincisi, bu faktın özü də göstərir ki, İran rejimi hakimiyyəti arasında fikir ayrılıqları mövcuddur. Yəni mülki dövlət institutları daha çox danışıqdan yana maraqlıdırlar. Ancaq bu gün əsas qərarları qəbul edən hətta Ali Rəhbər Müctəba Xamenei belə deyil. Bu, SEPAH vasitəsilə hakimiyyəti ələ almış hərbi diktaturadır- Xameneinin rolu yalnız notarial qaydada qəbul olunur. Ancaq elə məsələlər var ki, bunlar İran üçün çox dağıdıcı və bərpa olunmaz vəziyyət ortalığa qoya bilər. Bir tərəfdən iqtisadi çöküş, digər tərəfdən maliyyə çatışmazlığı bu sosial problemlərə, etirazlara gətirib çıxarda bilər. İnsanlara iş və çörək lazımdır. Ona görə fikir ayrılıqlarının olduğu ortadadır. Çünki nə qədər boyundan yuxarı danışmış olsalar da, müəyyən qüvvələr var ki, vəziyyətin o qədər də İranın xeyrinə olmadığı və daha acınacaqlı olduğu reallığını ortalığa qoyurlar. Ona görə İran yenidən danışıqlara hazır olduğunu bildirib və bu kontekstdə vasitəçilərin yeni təkliflər verdiyini də bəyan edib. Yəni bir neçə gün öncə bütün danışıqlarının bitdiyini elan edən İran rejimi bunun bu gün əksini söyləməyə davam edirsə, deməli, ABŞ zərbələrinin və perspektivdə vurulacaq daha ciddi zərbələrdən ehtiyat edirlər. Ona görə də İrandan hər səslənən bəyanatı ciddi qəbul etmək doğru deyil.
Hazırkı gərginlik artıq neft bazarında da öz təsirini göstərir. Müharibədən əvvəl dünya bazarında 70 dollara qədər enən neftin qiyməti qısa müddətdə 90 dolları keçib. Bu artımın əsas səbəbi Hörmüz boğazı ətrafında yaranan risklər və İran-ABŞ qarşıdurmasıdır. Hazırda dünya bazarının neft və qaz təchizatı müharibədən əvvəlki səviyyənin təxminən üçdə ikisini təmin edir. Münaqişə davam etdikcə qiymətlərin daha da yüksəlməsi mümkündür. Bununla yanaşı, əgər danışıqlar bərpa olunarsa və Hörmüz boğazından sərbəst keçid təmin edilərsə, qiymətlərin yenidən aşağı düşməsi ehtimalı da var".
O bildirib ki, eskalasiyanın gələcək taleyi daha çox İranın atacağı addımlardan asılı olacaq: "Tehran Hörmüz boğazı üzərində tam nəzarət iddialarından geri çəkilərək azad naviqasiyanın təmin olunmasına razılıq verərsə, gərginliyin azalması mümkündür. Əks halda, gəmilərə hücumların davam etməsi ABŞ-də müharibənin genişləndirilməsi ilə bağlı müzakirələri daha da gücləndirəcək.İran da bu riskləri nəzərə alaraq gələcəkdə Hörmüz boğazı boyunca yerləşən adaların quru əməliyyatları ilə ələ keçirilməsi ehtimalını hesablayır və məhz buna görə danışıqlara hazır olduğunu bəyan edir. Əməliyyatların genişlənməsi İranın nəqliyyat-kommunikasiya xətlərinin, enerji və su infrastrukturunun tamamilə sıradan çıxmasına, ölkənin uzun illər ciddi böhranla üzləşməsinə səbəb ola bilər. Bundan başqa, ABŞ tərəfindən mümkün dəniz blokadası və Bəndər-Abbas limanının infrastrukturuna endirilən zərbələr İranın neft ixrac imkanlarını da ciddi şəkildə məhdudlaşdırır. Bu səbəbdən İranın əvvəlki potensial imkanlarından danışmaq çətindir və prosesin gələcək inkişafı Tehranın davranışından, səmimiyyətindən və rasional qərarlar qəbul edib-etməyəcəyindən asılı olacaq."
Zeynəb Həsən
18:00 20.07.2026
Oxunuş sayı: 81