Azərbaycan Ermənistandan məhsul idxal edə bilər
Azərbaycanın Ermənistana məhsul ixracı tədricən şaxələnməkdə davam edir. Əgər indiyədək ixracın əsas hissəsini neft məhsulları təşkil edirdisə, artıq tikinti sektoruna aid məhsulların da qarşı tərəfə göndərilməsi qeydə alınıb. Rəsmi statistikaya görə, iyun ayında Azərbaycandan Ermənistana plastik kütlədən hazırlanmış tikinti materialları ixrac edilib. Ümumilikdə isə cari ilin ilk altı ayında iki ölkə arasında ticarət əlaqələrində müəyyən dinamika müşahidə olunur. Normallaşma prosesində Azərbaycan da Ermənistandan məhsul ala bilərmi?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli qeyd edib ki, ixracın əsas hissəsini məhz benzin təşkil edir: “Plastik kütlə isə cəmi bir tondur. Bir ton məhsulun, təxminən, 5 min dollar dəyərində olması iqtisadi baxımdan əhəmiyyətli göstərici hesab edilə bilməz. Bu, iki şirkət arasında həyata keçirilən adi bir əməliyyat səviyyəsindədir. Bəzən hər hansı bir şirkət bir müqavilə çərçivəsində 50-100 milyon dollarlıq məhsul alır. Ona görə də bu rəqəmlər ümumi ticarət dövriyyəsi fonunda ciddi əhəmiyyət daşımır. Əsas məsələ benzinin ixracıdır. Xüsusi əlaqələrin tam bərpasına gəldikdə isə, bu, əlbəttə ki, arzuolunandır. Lakin bunun üçün ilk növbədə ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması vacibdir. Bundan əlavə, sülh müqaviləsinin imzalanması əsas şərtlərdən biridir. Azərbaycan Prezidenti də bunu dəfələrlə ilkin şərt kimi irəli sürüb”.

İqtisadçı
qeyd edib ki, bunun üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli,
bir-birini qarşılıqlı şəkildə tanımağa və sülh sənədini imzalamağa imkan verən
hüquqi baza formalaşdırılmalıdır: “Dövlət başçılarının və hökumət rəhbərlərinin
bu sənədi imzalamaq səlahiyyəti hüquqi baxımdan tam təmin olunmalıdır. Azərbaycan
bu mövqeyi artıq beş-altı ildir ardıcıl şəkildə səsləndirir. Dəfələrlə
bildirilib ki, əlaqələrin tam bərpası üçün ilk növbədə sülh müqaviləsi
imzalanmalıdır. Sülh müqaviləsinin imzalanması üçün isə Ermənistan
Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar
aradan qaldırılmalıdır. Yalnız bundan sonra digər sahələr üzrə əməkdaşlıq və
münasibətlər normal şəkildə formalaşa bilər. Hazırkı mərhələdə isə bunlar sadəcə
ölkələrin rəsmi qurumları arasında ilkin kommunikasiyalar və məhdud təmaslardır.
Bu mərhələdə geniş iqtisadi və ya ticarət əlaqələrinin formalaşdığını demək hələ
tezdir. Çünki bunun üçün həm hüquqi baza, həm də qarşılıqlı etimadın
formalaşması vacibdir. Gələcəkdə sadalanan məsələlər öz həllini taparsa, iki
ölkə arasında kənd təsərrüfatı məhsullarının, metallurgiya sənayesi məhsullarının
və digər malların qarşılıqlı ixracı mümkündür. Yəni əməkdaşlıq potensialı
mövcuddur, lakin bunun reallaşması ilk növbədə siyasi və hüquqi məsələlərin həllindən
asılıdır”.
Ayhan
20:30 18.07.2026
Oxunuş sayı: 90