Cəbrayıl Dövlətzadə: 19 yaşında əfsanəyə çevrilən Vətən oğlu
Bu gün, Azərbaycanın qəhrəman oğlu, İkinci Qarabağ müharibəsinin şəhidi Cəbrayıl Dövlət oğlu Dövlətzadənin doğum günüdür. O, 2001-ci ilin məhz bu günü Sumqayıtın Corat qəsəbəsində dünyaya gəlib. Əslən Zəngilanlı olan Cəbrayıl cəmi 19 il yaşasa da, qısa ömrü ilə xalqımızın yaddaşına əbədi həkk olunub.
Cəbrayıl Dövlətzadə ailədə bir bacı və iki qardaşla böyüyüb. Atası Dövlət Dövlətzadə, anası Məleykə Məmmədzadədir. Orta təhsilini Sumqayıtdakı “Təfəkkür” liseyində başlayıb, sonra 2 saylı Qubadlı məktəbində davam etdirib. Uşaqlıqdan istedadlı olub: rəsm çəkib, musiqi bəstələyib, həvəskar rep oxuyub. Doqquz il cüdo ilə məşğul olub və idman sahəsində mükafatlar qazanıb. Dininə bağlı böyüyüb, kiçik yaşlarından namaz qılıb, oruc tutub. Ailə çətinlikləri yaşasa da, erkən yaşlarından məsuliyyət daşıyıb, 12 yaşından işləməyə başlayıb.
2019-cu ilin oktyabrında Sərhəd Qoşunlarının Cəlilabad rayonundakı hərbi hissəsində müddətli hərbi xidmətə başlayıb. Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olması onu dərindən sarsıdıb. Həmin gün verdiyi söz sonrakı həyatının devizinə çevrilib: “Polad Həşimovun qisasını alacağam!” Xüsusi təyinatlılara seçilən Cəbrayıl 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi könüllü olaraq döyüşə atılıb.
Murovdağ istiqamətində, Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində iştirak edib. Döyüş yoldaşlarının xatirələrinə görə, zabit yoldaşlarına “Sizin ailəniz var, geri qayıdın. Subayam, mən gedəcəyəm” deyərək irəli atılıb. Düşmənin postunda 10-a yaxın erməni hərbçisi ilə üz-üzə qalıb. Əlbəyaxa döyüşdə erməni generalını və polkovnikini yalın əlləri ilə boğaraq məhv edib, beləliklə Polad Həşimovun qisasını alıb. Sonra minomyot atəşinə düşərək ağır yaralanıb və 28 sentyabr 2020-ci ildə çoxlu qan itirdiyi üçün şəhidlik zirvəsinə ucalıb.
Cəbrayıl Dövlətzadə II Fəxri Xiyabanda, idealı olan general-mayor Polad Həşimovun məzarının yaxınlığında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Corat qəsəbəsində xatirəsinə barelyef qoyulub, ailəsinə dövlət tərəfindən mənzil verilib.
Bu gün onun doğum günündə bir daha xatırlayırıq: Cəbrayıl Dövlətzadə yalnız bir əsgər deyildi. O, vətən sevgisini, igidliyi, qorxmazlığı və fədakarlığı ilə nəsillərə nümunə oldu. 19 yaşında göstərdiyi şücaət bu gün də ürəkləri döyündürür, gənclərə örnək olur. Allah rəhmət eləsin, məkanı cənnət olsun! Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhu şad olsun!
Nigar Xəlilli
12:30 11.09.2026
Oxunuş sayı: 51