Ermənistan dəhlizə “yaşıl işıq” yandırır? – TRIPP layihəsi regionu dəyişə bilər
Ermənistan hökuməti iyulun 16-da keçirilən iclasında “Trampın beynəlxalq sülh və rifaha doğru yolu” (TRIPP) adlı layihə çərçivəsində strateji əməkdaşlıq üzrə çərçivə sazişini təsdiqləyərək sənədin ratifikasiya prosesinə start verib. Rəsmi İrəvanın bu addımı regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, tranzit marşrutlarının inkişafı və uzun müddətdir müzakirə olunan dəhliz məsələsi ilə bağlı gözləntiləri yenidən artırıb. Xüsusilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar fonunda kommunikasiyaların açılması istiqamətində atılan hər bir addım regional əməkdaşlıq və iqtisadi inteqrasiya baxımından xüsusi əhəmiyyət daşıyır.
Maraqlıdır, Ermənistanın bu qərarı dəhlizin açılması istiqamətində real və praktik prosesin başlanğıcı kimi qiymətləndirilə bilərmi?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Tofiq Abbasov qeyd edib ki, Ermənistan bu proseslərə çoxdan qoşulmalı idi: “Lakin tələsmədən, ehtiyatlı davranaraq Ermənistanın siyasi rəhbərliyi bu məsələlərə çox həssas yanaşır. Halbuki burada ehtiyat ediləcək ciddi bir məqam yoxdur. Əslində, bu dəhlizin fəaliyyəti və gələcək funksionallığı ilk növbədə Ermənistanın özünə lazımdır. Çünki bu ölkə hələ də bir sıra beynəlxalq layihələrdən kənarda qalıb, müəyyən mənada təcrid vəziyyətindədir. Digər tərəfdən, iqtisadi problemlərinin həlli üçün də kifayət qədər əlverişli şəraitə malik deyil. İqtisadiyyatın inkişafı ilk növbədə kommunikasiyaların işlək olmasından asılıdır. Nəqliyyat əlaqələri açıldıqca ticarət genişlənir, investisiya fəaliyyəti artır və iqtisadi dividendlər formalaşır. Təbii ki, bu proseslərdə xarici investorların cəlb olunması da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan üçün isə bu layihənin əhəmiyyəti ilk növbədə ondan ibarətdir ki, Naxçıvanla ölkənin əsas hissəsi arasında nəqliyyat və kommunikasiya əlaqələri bərpa olunacaq. Bu, eyni zamanda Ermənistanın beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərdən biridir. Ermənistan bu prosesə mane olmamalı, əksinə, “yaşıl işıq” yandırmalı və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməlidir”.
Politoloq əlavə edib ki, Prezident İlham Əliyev dəfələrlə Ermənistan üçün bu tarixi öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb: “Belə olan halda rəsmi İrəvan öz məsuliyyətini dərk etməli, bundan yayınmamalı və prosesləri vaxtında həll etməlidir. Təbii ki, Azərbaycanın da bu proseslərə təsir göstərmək imkanları mövcuddur. Elə IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirdi ki, artıq bir ilə yaxındır region sülh şəraitində yaşayır. Məncə, bu, həm mühüm mesaj, həm də proseslərin daha dinamik şəkildə davam etdirilməsi üçün çağırış idi. Çünki qarşıdan gələn avqustun 8-də Vaşinqton çərçivə sazişinin imzalanmasının bir ili tamam olacaq. Ermənistan istəsə də, istəməsə də beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə görə məsuliyyət daşıyır və onları yerinə yetirməlidir. İndi əsas məsələ ondan ibarətdir ki, Ermənistan bu prosedurları başa çatdırdıqdan sonra necə davranacaq. İlk növbədə ölkədə konstitusiya islahatları həyata keçirilməlidir. Nikol Paşinyan bununla bağlı vəd verib. Düzdür, parlamentdə səs çoxluğu ilə bağlı müəyyən siyasi çətinliklər mövcuddur. Hətta seçkilərdə qələbə qazanması belə bütün qərarların asanlıqla qəbul ediləcəyi anlamına gəlmir. Bunun üçün parlamentdə lazımi səs çoxluğu təmin olunmalı, zərurət yaranarsa müxalifətin dəstəyi də əldə edilməlidir. Faktiki olaraq Ermənistanın siyasi rəhbərliyi hələ də özü üçün müəyyən manevr imkanları axtarır. Ancaq daha doğru olardı ki, Nikol Paşinyan bu proseslərlə bağlı verdiyi sözlərə, səsləndirdiyi fikirlərə və götürdüyü öhdəliklərə gecikmədən əməl etsin. O göstərməlidir ki, həqiqətən də regionda əməkdaşlıqda maraqlıdır. Çünki bölgədə olmaq təkcə hadisələri kənardan izləmək demək deyil. Bölgədə olmaq o deməkdir ki, dövlət bütün regional proseslərdə əməli şəkildə iştirak etsin, qəbul olunan mühüm qərarların icrasında öz rolunu oynasın, Cənubi Qafqazın daxili inteqrasiyasına töhfə versin və regionun Avrasiya məkanına inteqrasiyasında fəal iştirak etsin. Biz Ermənistanın iştirakı olmadan da bir sıra mühüm enerji, nəqliyyat və kommunikasiya layihələrini uğurla həyata keçirmişik. İndi isə Ermənistanın da bu proseslərə qoşulmasını istəyirik ki, həm ayrı-ayrı ölkələrin inteqrasiya imkanları genişlənsin, həm də bütövlükdə Cənubi Qafqazın inteqrasiya səviyyəsi yüksəlsin. Ona görə də Ermənistan bütün bu məsələlərdə daha çevik və məsuliyyətli davranmalıdır”.

İqtisadçı alim Fuad Qənbərov açıqlamasında qeyd edib ki, TRIPP layihəsinin həyata keçirilməsi təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və daha geniş region üçün mühüm əhəmiyyət daşıyır: “Dəhliz tam gücü ilə və qarşılıqlı əlaqələndirilmiş şəkildə fəaliyyət göstərərsə, onun iqtisadi təsiri bir neçə istiqamətdə özünü göstərə bilər.
İlk növbədə, söhbət Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin genişlənməsindən, tranzit müddətinin və logistika xərclərinin azalmasından gedir. Eyni zamanda, dəhliz boyunca yeni logistika mərkəzlərinin, sərhəd terminallarının, anbarların, sənaye və emal müəssisələrinin yaradılması üçün imkanlar formalaşa bilər. Bu isə özəl investisiyaların artmasına, yeni iş yerlərinin açılmasına və region ölkələrinin qlobal təchizat zəncirlərinə daha fəal inteqrasiyasına şərait yaradar.
Beynəlxalq təcrübə göstərir ki, nəqliyyat dəhlizlərinin əsas iqtisadi effekti yalnız tranzit rüsumlarından yaranmır. Əsas əlavə dəyər dəhlizin ətrafında formalaşan istehsal, logistika, ticarət, sığorta, anbar, ekspeditor və digər xidmətlər ekosistemindən əldə edilir. Buna görə də TRIPP layihəsinə sadəcə bir yol və ya dəmir yolu xətti kimi deyil, regional iqtisadi inteqrasiya platforması kimi yanaşmaq lazımdır.
Layihənin ən nəzərəçarpacaq təsirlərindən biri Ermənistan iqtisadiyyatında müşahidə oluna bilər. Hazırda Türkiyə və Azərbaycanla sərhəd Ermənistanın quru sərhədlərinin 80%-dən çoxunu təşkil edir. Bununla yanaşı, Ermənistan uzun illər ərzində regionun əsas nəqliyyat və kommunikasiya layihələrindən kənarda qalıb və dənizə birbaşa çıxışı olmayan ölkədir. Bu baxımdan, regional kommunikasiyaların açılması Ermənistan iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyır.
Ermənistan tranzit və logistika xidmətlərindən əlavə gəlir əldə edə, logistika terminallarına və sənaye parklarına investisiya cəlb edə, sərhədyanı rayonlarda məşğulluğu artıra və nəqliyyat-xidmət sektorunun ÜDM-dəki payını yüksəldə bilər. Xüsusilə Sünik bölgəsində logistika, ticarət və xidmət infrastrukturu formalaşarsa, bu ərazinin iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə yüksələ bilər.
Beynəlxalq maliyyə institutlarının qiymətləndirmələrində regional nəqliyyat əlaqələrinin genişləndirilməsinin Ermənistanın ixrac və idxal əməliyyatlarında nəqliyyat xərclərinə ildə 100 milyon dollara qədər qənaət yaratması ehtimalı qeyd olunur. Həmçinin real ÜDM-in təxminən 0,5–1 faiz, ümumi ixracın isə 3 faizə qədər artması və minlərlə yeni və daha məhsuldar iş yerinin yaradılması potensialından danışılır. Təbii ki, bunlar zəmanətli nəticələr deyil. Bu göstəricilər sərhədlərin faktiki açılmasından, yük dövriyyəsindən, tarif siyasətindən, gömrük prosedurlarından və siyasi sabitlikdən asılı olacaq.
Azərbaycan üçün isə əsas iqtisadi üstünlük ölkənin regional nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin daha da güclənməsidir”.
İqtisadçı qeyd edib ki, dəhliz Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi yaratmaqla yanaşı, ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit qovşağı kimi rolunu genişləndirə bilər:
“TRIPP marşrutunun Orta Dəhlizə tam inteqrasiyası tranzit yük həcminin və nəqliyyat xidmətlərindən əldə edilən gəlirlərin artmasına, logistika xərclərinin azalmasına, qeyri-neft sektorunun genişlənməsinə və yeni məşğulluq imkanlarının yaranmasına şərait yarada bilər. Burada yalnız yüklərin Azərbaycan ərazisindən keçməsindən deyil, həmin yüklərin emalı, çeşidlənməsi, saxlanılması, sığortalanması və müxtəlif nəqliyyat növləri arasında ötürülməsi nəticəsində yaranacaq əlavə dəyərdən söhbət gedir.
Azərbaycan artıq Orta Dəhlizin inkişafına mühüm investisiyalar yatırıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası, ölkə daxilində avtomobil və dəmir yolu infrastrukturu vahid logistika zəncirinin əsas elementləridir. Yeni marşrutun istifadəyə verilməsi bu infrastrukturların yüklənmə səviyyəsini artıra, gömrük və logistika xidmətlərindən gəlirləri yüksəldə, anbar, sığorta, ekspeditor və multimodal daşıma xidmətlərinin inkişafını sürətləndirə bilər.
Bizim apardığımız hesablamalara əsasən, dəhlizin fəaliyyəti nəticəsində ticarət açıqlığının yüksəlməsi və logistika göstəricilərinin yaxşılaşması Azərbaycanda ÜDM-in illik artım tempinə təxminən 0,5–0,8 faiz bəndi həcmində əlavə təsir göstərə bilər. İnfrastruktur tikintisi, logistika, nəqliyyat və xidmət sektorlarında birbaşa və dolayı təsirlər nəzərə alındıqda, ümumi məşğulluq potensialının 50 min iş yerinə qədər yüksəlməsi mümkündür.
Gömrük, logistika, sığorta, anbar və digər əlaqəli xidmətlərdə yaranacaq multiplikator effekti nəzərə alındıqda, ümumi iqtisadi gəlirin əlverişli ssenaridə təxminən 1,2 milyard dollara çatması ehtimal edilə bilər. Lakin vurğulamaq lazımdır ki, bu rəqəmlər ilkin və ssenari əsaslı qiymətləndirmələrdir. Faktiki nəticə daşınacaq yükün həcmindən, tariflərdən, infrastrukturun ötürmə qabiliyyətindən və dəhlizin digər beynəlxalq marşrutlarla nə dərəcədə səmərəli əlaqələndirilməsindən asılı olacaq.
Türkiyə üçün layihə Azərbaycan, Xəzər hövzəsi və Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin genişlənməsini və alternativ ticarət marşrutunun yaranmasını vəd edir.
Mərkəzi Asiya ölkələri və Avropa üçün dəhliz əlavə və alternativ nəqliyyat marşrutu yarada bilər. Marşrutların şaxələndirilməsi təchizat zəncirlərinin dayanıqlığını artırır, geosiyasi və logistika risklərini azaldır və daşıma şirkətləri arasında rəqabətin güclənməsinə imkan verir.
Nəticə etibarilə, makroiqtisadi baxımdan TRIPP yalnız nəqliyyat layihəsi deyil, regional iqtisadi inteqrasiya layihəsidir. O, Cənubi Qafqazın tranzit funksiyasını gücləndirə, Azərbaycanın regional logistika mərkəzi kimi rolunu möhkəmləndirə, Ermənistanın regional ticarət sisteminə inteqrasiyasını sürətləndirə, Türkiyə ilə Mərkəzi Asiya arasında iqtisadi əlaqələri dərinləşdirə bilər.
Ən mühüm məqam ondan ibarətdir ki, layihənin uzunmüddətli iqtisadi dəyəri yalnız tranzit rüsumlarından formalaşmayacaq. Əsas fayda dəhliz boyunca yaranacaq yeni investisiyalar, istehsal və təchizat zəncirləri, logistika xidmətləri, ticarət dövriyyəsi və məşğulluq imkanlarından əldə ediləcək. Layihə düzgün idarə olunduğu, gömrük prosedurları sadələşdirildiyi, tariflər şəffaf müəyyənləşdirildiyi və siyasi sabitlik təmin edildiyi təqdirdə, Cənubi Qafqazın iqtisadi xəritəsində ciddi struktur dəyişiklikləri yarada bilər”.
Ayhan
16:00 17.07.2026
Oxunuş sayı: 62