107 illik diplomatiya tarixi: Xarici siyasət uğurlarının görünməyən müəllifləri
Bu gün Azərbaycan diplomatlarının peşə bayramıdır.
Hərdən düşünürəm ki, diplomatiyanın əsl dəyəri ən çox çətin günlərdə hiss olunur. Çünki diplomatın işi təkcə görüşlər keçirmək, sənədlər imzalamaq və ya ölkəsini tədbirlərdə təmsil etmək deyil. O, eyni zamanda dövlətinin maraqlarını qoruyan, haqq səsini dünyaya çatdıran, bəzən görünməyən, amma nəticəsi çox böyük olan bir mübarizənin iştirakçısıdır.
Azərbaycan diplomatiyasının 107 illik tarixi var. Bu yol müxtəlif sınaqlardan, mürəkkəb dövrlərdən keçib. Bu gün isə ölkəmizin beynəlxalq aləmdə qazandığı mövqe, qurduğu tərəfdaşlıqlar və əldə etdiyi uğurlar diplomatlarımızın illərlə çəkdiyi zəhmətin də nəticəsidir.
Müasir Azərbaycan diplomatiyasının möhkəm təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Onun müəyyən etdiyi xarici siyasət kursu milli maraqların qorunmasına, müstəqil və balanslaşdırılmış siyasətin həyata keçirilməsinə, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına və dövlətimizin mövqeyinin möhkəmləndirilməsinə xidmət edib. Bu strateji xətt sonrakı dövrdə də Azərbaycan diplomatiyasının əsas istiqamətini müəyyənləşdirib.
Bu gün həmin siyasi kurs Prezident, mahir diplomat İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan diplomatiyası yeni inkişaf mərhələsinə qədəm qoyub. Xarici İşlər Nazirliyi və Azərbaycanın diplomatik korpusu ölkəmizin milli maraqlarının qətiyyətlə müdafiəsi, beynəlxalq nüfuzunun artırılması, 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, eləcə də postmünaqişə reallıqlarının beynəlxalq səviyyədə qəbul etdirilməsi istiqamətində həqiqətən də böyük uğurlara imza atıb. Bu gün Azərbaycanın beynəlxalq müstəvidə qazandığı siyasi və diplomatik nailiyyətlər məhz ardıcıl və düşünülmüş xarici siyasətin nəticəsidir.
Xüsusilə son illər bir daha göstərdi ki, güclü dövlət yalnız ordusu ilə deyil, eyni zamanda güclü diplomatiyası ilə seçilir. 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Azərbaycanın mövqeyinin beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə olunması bunun ən bariz nümunələrindən biri oldu.
Bu peşə çox vaxt görünməyən, amma böyük məsuliyyət tələb edən bir xidmətdir. Bəzən bir sözün, bir mövqenin, bir görüşün arxasında aylarla davam edən zəhmət dayanır. Elə buna görə də diplomatlarımızın əməyinə hər zaman hörmətlə yanaşmaq lazımdır.
Bu gün münasibətilə bütün Azərbaycan diplomatlarını səmimi qəlbdən təbrik edir, onlara sağlamlıq, uğurlar və dövlətimiz naminə fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram. Azərbaycanın maraqlarını hər zaman layiqincə təmsil etsinlər.
Peşə bayramınız mübarək!
Nigar Xəlilli
10:30 09.07.2026
Oxunuş sayı: 128