Azərbaycan Rusiya Ukrayna müharibəsinə qoşulur - məlumatlar sürətlə yayılır
Rusiya–Ukrayna müharibəsi fonunda informasiya məkanında dezinformasiyalar və təsdiqlənməmiş iddiaların yayılması geosiyasi mübarizənin əsas alətlərindən birinə çevrilib. Bu kontekstdə UNITED24 Media platformasının “Azərsilah” holdinqinin strukturuna daxil olan “İqlim” müəssisəsinin guya Rusiya istehsalı olan X-29TE raketləri üçün komponentlərin tədarük zəncirində iştirak etdiyini iddia edən materialı da diqqət çəkib. Aparılan araşdırma zamanı təqdim edilən “sübutlarda” saxtalaşdırma əlamətləri və çoxsaylı uyğunsuzluqların aşkar edilməsi məlumatın etibarlılığı ilə bağlı ciddi suallar doğurur. Bu cür materialların hansı məqsədlərə xidmət etdiyi, onların arxasında hansı maraqlı dairələrin dayandığı və bunun Azərbaycan–Rusiya münasibətlərinə təsir göstərmək cəhdi olub-olmadığı hazırda müzakirə olunan əsas mövzulardandır. Bu qüvvələr daim bitərəf mövqedən çıxış edən Azərbaycanı müharibə tərəfdaşı etməyə, müharibənin miqyasını böyüdərək dövlətlər arasında nifaq salmağa çalışırlar.
Milli Məclisin deputatı Aydın Mirzəzadə açıqlamasında bildirib ki, Azərbaycan Rusiya–Ukrayna münaqişəsinə qarışmayıb: “Ölkəmiz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bununla yanaşı, həm Rusiya, həm də Ukrayna ilə normal qonşuluq münasibətlərini qoruyub saxlayır. Vaxtaşırı xaricdə Azərbaycanı bu münaqişəyə bu və ya digər formada cəlb etmək cəhdləri müşahidə olunur. Bunun ən çox istifadə olunan üsullarından biri isə Azərbaycan haqqında böhtan xarakterli məlumatların yayılmasıdır. Məqsəd Azərbaycanla Ukrayna arasında narazılıq yaratmaq, qarşıdurma elementləri formalaşdırmaq və eyni zamanda hansısa formada Azərbaycanı da münaqişənin iştirakçısı kimi təqdim etməkdir. Belə yalan məlumatlar zaman-zaman yayılır, lakin onların heç bir əsası yoxdur. Ciddi beynəlxalq dairələr, bir qayda olaraq, istənilən məlumatı həm rəsmi mənbələr, həm də diplomatik kanallar vasitəsilə əldə olunan informasiyalar əsasında yoxlayırlar. Buna görə də bu cür saxta məlumatlar adətən bir-iki gündən artıq diqqət mərkəzində qala bilmir”.

Deputat bildirib ki, bu gün beynəlxalq miqyasda saxta xəbərlərin və dezinformasiyaların yayılması geniş vüsət alması təəssüf doğurur: “Azərbaycana qarşı da həm bu, həm də digər istiqamətlərdə vaxtaşırı belə cəhdlər edilir. Ancaq Azərbaycanın həyata keçirdiyi həm daxili, həm də xarici siyasət şəffafdır. Buna görə də hər hansı yalan və ya böhtan heç bir zaman Azərbaycana yapışa bilməz”.
Politoloq Elşad Mirbəşiroğlu isə açıqlamasında bildirib ki, belə dezinformasiyaları yayan dairələrin başlıca məqsədi Azərbaycanın beynəlxalq imicinə zərər vurmaqdır: “Bu gün dövlətimizin və ölkə başçısının beynəlxalq müstəvidə olduqca müsbət imici mövcuddur. Azərbaycan hər zaman sülhün tərəfdarı olub, münaqişələrin dinc vasitələrlə həllini dəstəkləyib. Bunu Azərbaycanın öz siyasi təcrübəsi də təsdiqləyir. Təxminən 30 il ərzində torpaqlarımızı Ermənistanın işğalından azad etmək üçün kifayət qədər hərbi gücə malik olmasına baxmayaraq, Azərbaycan məsələni ilk növbədə danışıqlar və dinc vasitələrlə həll etməyə çalışırdı. Ölkəmiz qan tökülməsini istəmirdi və bütün dünya da gördü ki, Azərbaycan real hərbi gücə sahib olduğu halda Ermənistanın işğalçılıq siyasətinin nəticələrini danışıqlar yolu ilə aradan qaldırmağa üstünlük verirdi. Bu, onu göstərirdi ki, Azərbaycan sözün əsl mənasında sülhü dəstəkləyən, dialoqa üstünlük verən bir dövlətdir. Ona görə də Azərbaycan kimi sülh və dialoq tərəfdarı olan bir ölkənin açıq silahlı qarşıdurma vəziyyətində olan tərəflərdən hər hansı birinə bu və ya digər formada hərbi dəstək göstərməsi mümkün deyil. Bu, Azərbaycanın xarici siyasətində daim qoruduğu prinsipial mövqeyə tamamilə zidd olardı”.

Politoloq əlavə edib ki, yayılan informasiyalar heç bir halda həqiqətlə əlaqəli deyil və reallığı əks etdirmir: “Xatırlatmaq istəyirəm ki, zaman-zaman bunun əks istiqamətində də dezinformasiyalar yayılıb. Belə ki, guya Azərbaycanın Ukraynaya da hərbi dəstək göstərdiyi barədə oxşar iddialar irəli sürülürdü. Elə bu faktın özü göstərir ki, bu cür məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Sözsüz ki, belə məlumatların yayılması müəyyən məqsədlərə hesablanıb. Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə kifayət qədər konstruktiv münasibətlərə və əməkdaşlıq imkanlarına malikdir. Bu baxımdan ölkəmiz hərbi müstəvidə heç bir tərəfin yanında deyil. Azərbaycan yalnız məsələlərin konstruktiv şəkildə, dialoq və siyasi vasitələrlə həlli istiqamətində öz töhfəsini verə bilər. Ona görə də bu cür dezinformasiyalar ilk növbədə Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə, eləcə də digər dövlətlərlə münasibətlərinə mənfi təsir göstərməyə hesablanıb. Lakin düşünürəm ki, belə dezinformasiyalar elə başlanğıcdan fiaskoya məhkumdur və onların heç bir real təsiri olmayacaq”.
13:00 26.06.2026
Oxunuş sayı: 49