108 yaşlı şanlı Azərbaycan Ordusu
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108 ili tamam olur. Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğunun ilk addımları atıldı. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk nazir Xosrov bəy Sultanov təyin edildi. Müasir Milli ordunun yaradılmasına isə 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra başlandı. Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə gələcəyi düşünür, milli zabit kadrların yetişdirilməsinə çalışırdı. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Heydər Əliyev azərbaycanlı gəncləri, həmçinin SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu olub. Onlar Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində misilsiz igidliklər göstəriblər. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra bu gün qazandığımız tarixi Qələbəyə aparan yolun təməli qoyuldu. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Ordumuz ulu öndər Heydər Əliyevin tapşırığı ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilin yanvarında oldu: yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Ordu quruculuğu işinə böyük önəm verən ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atıldı. Bu ali diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Ordumuzun əks-hücum əməliyyatları nəticəsində 300-ə yaxın kənd, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, bununla bərabər, qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Silahlı Qüvvələrimiz daha sonra Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Beləliklə, 30 il ərzində aparılan danışıqlar prosesində düşmən dövlətin niyyəti reallaşmadı, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planı isə tamamilə alt-üst oldu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir: ”İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”. 44 gün davam edən Vətən Müharibəsi tariximizin, eləcə də Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Qeyd etmək istərdim ki, məzunu olduğum Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil aldığım illərdə universitet nəzdində fəaliyyət göstrərən UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri vəzifəsini icra edərək vətənpərvərliyin təbliği istiqamətində bir sıra uğurlu layihələr icra etmişik. 2019-cu ildə hələ doğma yurdlarımız düşmən tapdağı altında olduğu dönəmlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının fəal iştirakçılarından olmuşam. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və UNEC-in birgə təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının təşkilində, keçirilməsində, Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik ruhunun yüksəldilməsində göstərdiyimiz xidmətlərə görə “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamə”nin 5.7.7-ci və 5.7.9-cu yarımbəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə bir qrup universitet əməkdaşları sırasında tək tələbə olaraq mən də mükafatlandırılmışam. Universiteti bitirdikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları sırasında müddətli həqiqi hərbi xidmət keçmişəm. Bütün bunlarla yanaşı gənc bir muğam ifaçısı kimi mütəmadi olaraq Azərbaycan Ordusu və qəhrəman əsgərlərimiz üçün təşkil olunun tədbirlərdə fəal iştirak edirik və bununla da qürür duyuruq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı uğurlu Qələbələr tariximizə qızıl hərflərlə yazılıb. Hər bir Azərbaycan gənci kimi mən də şanlı Ordumuzla fəxr edirəm!

Yusif Cəfərbəyli
YAP Yasamal Rayon Təşkilatının fəal gənci,
IX “Muğam” televiziya müsabiqəsinin finalçısı
11:55 25.06.2026
Oxunuş sayı: 50