Azərbaycan Ordusu- dövlətimizin gücü və qürur mənbəyidir
Müstəqil dövlətlərin tarixi təcrübəsi göstərir ki, güclü ordu dövlətin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin əsas təminatçısıdır. Dövlət quruculuğunun mühüm tərkib hissəsi olan ordu hər bir xalqın müstəqilliyinin və gələcəyinin etibarlı dayağı hesab edilir.
Azərbaycan xalqının müasir milli ordu quruculuğunun əsası XX əsrin əvvəllərində qoyulmuşdur. 1918-ci il iyunun 26-da Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə milli ordunun yaradılmasına başlanıldı. Həmin gün Əlahiddə Azərbaycan Korpusu təşkil edildi və bununla da müstəqil Azərbaycan dövlətinin ilk nizami hərbi birləşməsinin əsası qoyuldu. Ardınca hərbi xidmətə çağırış elan olundu və qısa müddət ərzində milli ordu formalaşdırılmağa başladı.
Bu proses son dərəcə mürəkkəb şəraitdə həyata keçirilirdi. Azərbaycanın böyük bir hissəsi, o cümlədən Bakı şəhəri bolşevik-daşnak qüvvələrinin nəzarəti altında idi, xalqımıza qarşı soyqırımı və kütləvi qırğınlar törədilirdi. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə 30 min nəfərlik ordu yaratmağa nail oldu, ölkədə sabitliyin təmin edilməsi və ərazi bütövlüyünün qorunması istiqamətində mühüm addımlar atıldı.
Lakin 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti sovet bolşevikləri tərəfindən süquta uğradıldı və ölkəmiz növbəti 70 il ərzində Sovet İttifaqının tərkibində yaşamağa məcbur oldu. Buna baxmayaraq, xalqımız müstəqillik ideyasını və hərbi ənənələrini qoruyub saxladı. Sovet dövründə mövcud olan məhdudiyyətlərə baxmayaraq, azərbaycanlı hərbçilər öz peşəkarlıqları və qəhrəmanlıqları ilə seçildilər.
Xüsusilə 1941–1945-ci illərdə İkinci Dünya müharibəsi zamanı Azərbaycan oğulları faşizm üzərində qələbənin qazanılmasında böyük şücaət göstərərək tarixə şanlı səhifələr yazdılar. Müharibədən sonrakı illərdə isə respublikada milli hərbi kadrların hazırlanmasına müəyyən maneələr yaradılırdı.
1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə ölkənin bütün sahələrində olduğu kimi, hərbi sahədə də yeni inkişaf mərhələsi başladı. Milli düşüncənin, vətənpərvərlik ruhunun və peşəkar kadr potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Bu təhsil ocağı gələcək zabitlərin hazırlanmasında mühüm rol oynadı və sonrakı illərdə Azərbaycan Ordusunun peşəkar kadr bazasının formalaşmasına əvəzsiz töhfə verdi.
Ulu Öndər Heydər Əliyev sonralar bu barədə belə demişdir: “Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxt milli ordu yaratmaq mümkün deyildisə, heç olmasa Sovet Ordusunda Azərbaycanın güclü zabit korpusu formalaşsın.”
Onun təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali hərbi məktəblərinə qəbul olundu. Məhz həmin zabitlər sonralar müstəqil Azərbaycan Ordusunun formalaşmasında mühüm rol oynadılar.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Xüsusilə 1993-cü ildə xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, nizami ordu quruculuğu sürətləndirildi, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi və həmin tarixdən etibarən hər il dövlət səviyyəsində qeyd olunur.
2013-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə genişmiqyaslı islahatlar həyata keçirilmiş, ordumuzun maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Müasir silah və hərbi texnika ilə təchiz olunan Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilmişdir.
Azərbaycan Ordusunun gücü xüsusilə 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ildə Vətən müharibəsində və sonrakı dövrlərdə keçirilən uğurlu hərbi əməliyyatlarda bütün dünyaya nümayiş etdirildi. Şanlı Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bu qələbələr Azərbaycan əsgərinin qəhrəmanlığının, xalq–ordu birliyinin və dövlət rəhbərliyinin qətiyyətinin parlaq təzahürü oldu.
Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın güclü orduları sırasında layiqli yer tutur. Ordumuz xalqımızın qürur mənbəyi, dövlətimizin etibarlı sipəri və müstəqilliyimizin əsas təminatçısıdır.
Xalqla ordunun sarsılmaz birliyi dövlətimizin gücünü daha da artırır, ölkəmizin təhlükəsiz gələcəyini təmin edir. Məhz buna görə də hər bir Azərbaycan vətəndaşı öz ordusu ilə fəxr etməli, onun uğurlarını öz uğuru hesab etməlidir.
Əziz hərbçilər!
Sizi 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı və daim qələbələr arzulayıram.
Bayramınız mübarək olsun!

İlham Quliyev
YAP Yasamal rayon, “Neftqazelmitədqiqatlayihə” İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
21:21 22.06.2026
Oxunuş sayı: 51