Azərbaycan ordusu və mill qürur
Hər il 26 iyun tarixində qeyd olunan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın dövlətçilik tarixində xüsusi yer tutan, milli təhlükəsizliyimizin, müstəqilliyimizin və suverenliyimizin əsas təminatçısı olan Azərbaycan Ordusuna həsr edilmiş əlamətdar gündür. Bu tarix yalnız hərbi bayram deyil, həm də Azərbaycan dövlətinin qüdrətinin, xalq-ordu birliyinin və milli həmrəyliyinin təntənəsinin ifadəsidir.
Azərbaycan Ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə qoyulmuşdur. Bununla da milli hərbi quruculuq prosesinin təməli atılmış, müstəqil dövlətin müdafiəsini təmin edəcək silahlı qüvvələrin formalaşdırılmasına başlanılmışdır.
Müstəqilliyin bərpasından sonra Ermənistanın hərbi təcavüzü və ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət güclü milli ordunun yaradılmasını zəruri etmişdir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də əsaslı islahatlara başlanılmışdır. Vahid komandanlıq sistemi yaradılmış, hərbi intizam möhkəmləndirilmiş, peşəkar zabit korpusunun formalaşdırılması və ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Bu siyasi kurs Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Son illər ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilmiş, müasir silah sistemləri ilə təchiz edilmiş, döyüş hazırlığı və peşəkarlıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Müdafiə sənayesinin inkişafı, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və müasir texnologiyaların tətbiqi Azərbaycan Ordusunun qüdrətini daha da artırmışdır.
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı və qardaşlığı da ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynamışdır. İki qardaş dövlət arasında hərbi sahədə əməkdaşlıq regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə xidmət edən mühüm amillərdən birinə çevrilmişdir. Şuşa Bəyannaməsinin imzalanması ilə bu münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlmiş və yeni strateji mərhələyə qədəm qoymuşdur.
Azərbaycan Ordusunun gücü və peşəkarlığı 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya nümayiş etdirildi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatları qısa müddətdə Azərbaycanın hərbi üstünlüyünü ortaya qoydu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, Ermənistan ordusunun uzun illər ərzində qurduğu müdafiə istehkamları darmadağın edildi.
44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərb tarixində yeni bir dövrün başlanğıcı oldu. Azərbaycan əsgəri döyüş meydanında misilsiz qəhrəmanlıq, vətənpərvərlik və peşəkarlıq nümayiş etdirdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi və yüzlərlə yaşayış məntəqəsi işğaldan azad edildi. Ordumuzun əldə etdiyi uğurlar müasir döyüş taktikasının, yüksək hazırlığın və güclü siyasi rəhbərliyin nəticəsi idi.
Vətən müharibəsinin kulminasiya nöqtəsi Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin azad olunması oldu. Azərbaycan xüsusi təyinatlılarının misilsiz qəhrəmanlığı nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Bu tarixi hadisə müharibənin taleyini həll edən əsas amillərdən biri olmaqla yanaşı, xalqımızın milli qürurunun və tarixi ədalətin bərpasının rəmzinə çevrildi.
Vətən müharibəsinin əsas simvollarından biri kimi tarixə düşən "Dəmir Yumruq" ifadəsi Azərbaycan xalqının sarsılmaz birliyini, dövlətin qətiyyətini və ordumuzun yenilməz gücünü təcəssüm etdirirdi. Prezident İlham Əliyevin ifadə etdiyi "Dəmir Yumruq" siyasəti xalq, dövlət və ordunun vahid məqsəd ətrafında birləşdiyini nümayiş etdirdi. Bu birlik nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və beynəlxalq hüququn norma və prinsiplərinin icrasını özü təmin etdi.
Müharibənin nəticəsi olaraq Ermənistan kapitulyasiya xarakterli 10 noyabr 2020-ci il bəyanatını imzalamağa məcbur oldu və Azərbaycanın tarixi Zəfəri rəsmiləşdirildi. Sonrakı dövrdə isə Azərbaycan dövləti azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı, təhlükəsizlik tədbirlərini gücləndirdi və dövlət suverenliyinin tam təmin olunması istiqamətində ardıcıl addımlar atdı.
Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü hərbi qüvvələrindən biri olmaqla yanaşı, dövlətimizin müstəqilliyinin, suverenliyinin və milli maraqlarının etibarlı təminatçısıdır. Ordumuzun əldə etdiyi tarixi nailiyyətlər Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, regional güc kimi mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə vermişdir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçuları, müharibə veteranlarını, qazilərimizi, şəhid ailələrini və Azərbaycan Ordusunun sıralarında xidmət edən hər bir əsgər və zabiti ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, şərəfli xidmət və yeni uğurlar arzulayırıq.
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi, dövlətimizin qüdrət rəmzi, müstəqilliyimizin və suverenliyimizin əbədi təminatçısıdır.
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın müstəqil, güclü və qalib Azərbaycan!

Kamran Quliyev
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini
19:44 22.06.2026
Oxunuş sayı: 41