Ayxan Abbasov: Hər iki yoldaşlıq görüşündə qələbə qazanmaq əsas hədəfdir
Azərbaycan millisi Malta və San-Marino ilə keçiriləcək yoldaşlıq oyunlarında qələbə qazanmağı hədəfləyib.
Crossmedia.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Ayxan Abbasov oyundan öncə mətbuat konfransında bildirib.
Baş məşqçi UEFA Millətlər Liqası turnirinə hazırlıq mərhələsini və rəqib seçimlərini şərh edib:
"Ağır çempionat marafonundan sonra futbolçuların istəkli və inamlı olması sevindiricidir. Avstriyadakı hazırlıq prosesində rəqib olaraq Malta və San-Marino seçildi. Çünki bəzi komandalar bura gəlməkdən imtina etdi, bəziləri isə qarşılaşmaları öz ölkələrində keçirməyi təklif etdi. Bu isə yol yorğunluğuna səbəb ola bilərdi. Digər tərəfdən, UEFA Millətlər Liqası turnirindəki rəqiblər Litva və Lixtenşteynə güc baxımından yaxın olan komandalarla oynamaq planlaşdırılırdı. Malta son illərdə yaxşı inkişaf edən kollektivlərdəndir və Slovakiyaya 1:2 hesabı ilə uduzsalar da, öz güclərini göstərdilər. Bu səbəbdən Malta və San-Marino ilə görüşlər rəsmi turnirə hazırlıq baxımından çox faydalıdır."
Ayxan Abbasov yoldaşlıq görüşlərinin fərqli xüsusiyyətlərini diqqətə çatdırıb:
"Yoldaşlıq görüşlərinə rəsmi matçlardan fərqli yanaşılır. Burada çoxlu əvəzetmələr etmək, müəyyən risklərə getmək mümkündür. Lakin futbol elə bir oyundur ki, statusundan asılı olmayaraq hər qarşılaşmada qələbə qazanmaq əsas niyyətdir. Komandanın futbol fəlsəfəsini, verilən tapşırıqların müsbət tərəflərini görmək çox önəmlidir. Əvvəlki rəsmi oyunlarda hazırlıq prosesini bir yerdə keçmək imkanı yox idi və İrlandiya, Fransa, Ukrayna kimi güclü rəqiblərlə matçlarda dəyişikliklər etmək böyük risk daşıyırdı. FIFA Series turniri və indiki toplanış isə geniş sınaqlar üçün əlverişli şərait yaradır".
Mütəxəssis sabah baş tutacaq Malta ilə oyunda meydana çıxacaq heyəti də açıqlayıb:
"Hər iki qarşılaşmada fərqli heyət çıxış edəcək. Bura 25 futbolçu və 3 qapıçı ilə gəlinib. Emil sabah əsas heyətdə yer alacaq. Müdafiədə Anton Krivotsyuk, Bədavi Hüseynov və Elvin Bədəlov, cinahlarda isə Qismət Alıyev və Elvin Cəfərquliyev oynayacaq. Mərkəzdə Aleksey İsyaev və Emil Səfərov, hücumda isə Mahir Emreli, Toral Bayramov və Xəyal Nəcəfov çıxış edəcək. İkinci görüşdə isə tam fərqli heyətdən istifadə olunacaq".
Çalışdırıcı "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin karyerasındakı son vəziyyətə də toxunub:
"Elvinlə söhbətlər aparılıb və futbolçunun böyük istəyi görünür. Bu oyunlar oyunçuya böyük təkan verəcək. Məlum hadisələrdən sonra yeni klub tapmaq önəmlidir. Sentyabr ayına, yəni UEFA Millətlər Liqasına qədər yeni komandasında oyun praktikasından əziyyət çəkməyəcəyinə inanılır. Belə məsələlərə milli komanda rəhbərliyi olaraq çox qarışmaq mümkün olmasa da, klubun futbolçunun gələcəyi üçün lazımi şəraiti yaradacağı gözlənilir. Çünki Elvin Cəfərquliyev Azərbaycan üçün vacib oyunçudur."
Qeyd edək ki, Avstriyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində keçiriləcək Azərbaycan - Malta yoldaşlıq görüşü iyunun 5-də San Marino ilə matç isə iyunun 9-da baş tutacaq.
21:03 04.06.2026
Oxunuş sayı: 60