İtaliya şirkətləri Qarabağda quruculuq işlərində yaxından iştirak edirlər - Deputat
Azərbaycan və İtaliya arasında münasibətlər son illərdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji tərəfdaşlığı və humanitar əlaqələr fonunda strateji xarakter alıb. Prezident İlham Əliyevin İtaliya Prezidentinə ünvanladığı təbrik məktubunda qeyd edib ki, İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır:
“Şadam ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, çoxölçülü strateji tərəfdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Biz İtaliya ilə münasibətlərimizin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk”. Bu fikirlər iki ölkə arasında formalaşmış qarşılıqlı etimadın və dostluq münasibətlərinin göstəricisidir. Bu gün İtaliya Azərbaycanın Avropadakı əsas tərəfdaşlarından biri hesab olunur və əməkdaşlıq təkcə enerji sahəsi ilə məhdudlaşmır, eyni zamanda təhsil, investisiya, ticarət və yenidənqurma layihələrini də əhatə edir. Bəs hazırkı mərhələdə İtaliya–Azərbaycan diplomatik münasibətlərini necə dəyərləndirmək olar və bu tərəfdaşlığın gələcək perspektivləri nədən ibarətdir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlama verib:

“İtaliya–Azərbaycan münasibətləri yüksək səviyyəli və qarşılıqlı etimada əsaslanan münasibətlərdir. İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və heç bir vaxt, heç bir səviyyədə Azərbaycanın daxili işlərinə müdaxilə etməyib. Eyni zamanda, birgə əməkdaşlıq layihələrinə daim böyük etimad və maraq göstərib. Bu gün artıq deyə bilərik ki, ölkələrimiz qarşılıqlı şəkildə bir-birinin beynəlxalq nüfuzuna böyük hörmətlə yanaşır. Əməkdaşlığımız müxtəlif sahələri əhatə edir. Azərbaycandan olan gənclər İtaliya universitetlərində böyük həvəslə təhsil alırlar və Azərbaycanda fəaliyyət göstərən Azərbaycan–İtaliya Universiteti də bu əməkdaşlığın bariz nümunələrindən biri hesab oluna bilər. Bununla yanaşı, İtaliya şirkətləri bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində yaxından iştirak edirlər”.
Deputat əlavə edib ki, Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar da bu tərəfdaşlığın uğurlu nəticələrindəndir. Ölkələrimiz arasında ümumi ticarət dövriyyəsi kifayət qədər böyükdür və burada qeyri-neft məhsullarının payı da davamlı şəkildə artır: “Azərbaycanın İtaliyada iri neft-qaz komplekslərindən birini əldə etməsi də İtaliya tərəfinin Azərbaycana göstərdiyi yüksək etimad və hörmətin göstəricisi kimi qiymətləndirilə bilər. Əməkdaşlıq yalnız dövlət səviyyəsində deyil, cəmiyyətlər səviyyəsində də mövcuddur. Bu münasibətlər nəticəsində hər bir Azərbaycan vətəndaşı İtaliyanın simasında özünə dost və yaxın tərəfdaş ölkə görür”.
Ayhan
15:38 03.06.2026
Oxunuş sayı: 58