Türk Dövlətləri Təşkilatı regionda böyük güc mərkəzinə çevrilib
Türk dövlətləri arasında əlaqələr genişlənir. Eyni zamanda, müstəqil Türk dövlətləri daxilində genişlənən münasibətlər muxtar Türk dövlətləri ilə əlaqələrin inkişafına geniş şərait yaradır. Türk Dövlətləri Təşkilatının üzvü olan müstəqil Türk ölkələri, Rusiya və digər ölkələrin daxilində muxtar şəkildə mövcud olan soydaşları ilə münasibətləri genişləndirirlər. Xüsusilə Azərbaycan və Türkiyə həmin Türk muxtar qurumları ilə iqtisadi, siyasi və mədəni diplomatik əlaqələrin inkişafı üçün müxtəlif layihələr və çalışmalar həyata keçirirlər. Bu da həm Azərbaycan və Türkiyə arasında, həm də Türk Dövlətləri Təşkilatının üzvü olan digər Türk ölkələri ilə gələcək əməkdaşlığın imkanlarını genişləndirir.
Bu istiqamətdə gələcək əməkdaşlığın perspektivlərini öyrənmək üçün millət vəkili Pərvanə Vəliyevaya müraciət etdik.
Millət vəkili Crossmedia.az-a açıqlamasında bildirib: “Rusiya daxilindəki türk muxtar qurumlarının Azərbaycanla əməkdaşlığı daim mövcud olmaqla yanaşı, mədəni və iqtisadi sahədə uğurla davam etdirilir. Bu, özünü Rusiya ilə əməkdaşlığımızda da göstərir. Azərbaycan məhsulları üçün etibarlı və ən uyğun bazar Rusiya bazarıdır və tələbat da kifayət qədərdir. Eləcə də Rusiya üçün Azərbaycanla iqtisadi əməkdaşlığın bir çox perspektivləri var. Rusiya daxilindəki türk muxtar qurumlarının TDT-yə daxil olan digər türk dövlətləri ilə əməkdaşlığı mühüm geosiyasi, iqtisadi və mədəni müsbət nəticələrə səbəb ola bilər.”
Millət vəkilinin sözlərinə görə: “Bu əməkdaşlıqlar həm ikitərəfli münasibətləri gücləndirir, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ümumi türk birliyini möhkəmləndirmək potensialına malikdir. Sözsüz ki, TDT-yə daxil olan digər ölkələr də Rusiya ilə müxtəlif istiqamətlərdə, daha çox iqtisadi sahədə əməkdaşlıq edirlər. Çünki bu ölkələr bir regiona məxsusdur və tarixən mövcud olmuş qonşuluq münasibətləri mədəni bağların daha sıx olmasına gətirib çıxarıb.”
“Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Saxa-Yakutiya kimi türk muxtar qurumları ilə Azərbaycan arasında əməkdaşlıq türk dünyasının birliyini artırmaq baxımından əhəmiyyətlidir. Bu əlaqələr vasitəsilə türk dünyası arasında həmrəylik güclənir və regional əməkdaşlıq daha çox təşviq edilir. Bu istiqamətdə Rusiya ilə münasibətlərdə balans, yəni rəsmi Moskvanın bu proseslərə münasibəti də önəmlidir. Hesab edirəm ki, bu, müsbət olacaqdır. Çünki nəticədə qeyd olunan əməkdaşlıqlardan Rusiya da bəhrələnə bilər”.
“TDT artıq regionda böyük güc mərkəzinə çevrilib. Hərbi sahədə əməkdaşlıq da möhkəmlənib. Buna görə də bu təşkilatla əməkdaşlıq bütün ölkələr üçün arzuolunandır”, - deyə Pərvanə Vəliyeva qeyd edib.
Fidan Hacızadə
05:33 18.12.2024
Oxunuş sayı: 10633