Monteneqro, Serbiya, Suriya və İtaliyanın diplomatik missiyaları Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev və Serbiya, Suriya, İtaliyanın Azərbaycandakı səfirlikləri Müstəqillik Günü münasibətilə Azərbaycana təbriklər ünvanlayıblar.
Crossmedia.az xəbər verir ki, təbrik mesajları "X" sosial şəbəkəsində paylaşılıb.
Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi və demokratik respublika kimi Azərbaycan Demokratik Respublikasının yaradılmasının tarixi əhəmiyyətini qeyd edib.
"Biz respublikanın qurucularının xatirəsini yad edir, Azərbaycan xalqının gücünü, birliyini və nailiyyətlərini qeyd edirik. Azərbaycana davamlı sülh, firavanlıq və uğurlar arzulayırıq. Müstəqillik Günü mübarək!", - o əlavə edib.
Serbiya səfirliyi vurğulayıb: "Qardaş Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edirik! Arzu edirik ki, bu gün həmişə sülh, əmin-amanlıq və rifah şəraitində qeyd olunsun!".
Suriya səfirliyi qeyd edib ki, Azərbaycan Respublikası hər il mayın 28-ni öz milli bayramı kimi qeyd edir – bu tarix 1918-ci ildə islam dünyasında və Şərqdə ilk parlamentli demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının müstəqilliyinin elan edilməsini əbədiləşdirir.
"Bu tarix Azərbaycan xalqının inkişafında mühüm tarixi mərhələni təmsil edir, çünki o, suverenliyi, azadlığı və müasir dövlətin qurulmasını simvolizə edir", - təbrikdə deyilir.
İtaliya səfirliyi də Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və hökumətini təbrik edib və ən xoş arzularını ifadə edib.
11:12 28.05.2026
Oxunuş sayı: 58