Avropa

Zelenski üçün iki yol var

Rusiya-Ukrayna müharibəsi hələ də davam edir və bu müharibə dünya dövlətlərini də iki hissəyə ayırıb. Müharibənin dayandırılması üçün bir neçə dövlətin vasitəçiliyi olub, ABŞ Prezidenti Donald Tramp isə açıqlamasında prezident  seçiləcəyi təqdirdə, müharibəni  dayandıracağını bildirsə də, necə dayandıracağı müəmmalıdır.

Dövlət başçılarının bir qismi Ukraynaya ordu göndərməkdə maraqlı olsa da bir qismi Slovakiya prezidenti kimi Ukraynanın ərazilərindən imtina edərək sülhə nail olacağını düşünür.

Slovakiya Prezidenti açıqlamasında "Ukrayna sülh naminə ərazilərindən imtina etməli olacaq" - deyə bildirib.

Bəs, doğrudan da, Ukrayna müharibənin dayanması üçün ərazilərindən imtina edə bilərmi? Bu, müharibənin dayanması üçün nə dərəcədə əhəmiyyətli olacaq?

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az saytına açıqlama verib:

"Ukraynanın sülh naminə ərazilərindən vaz keçməsi ilə bağlı ideya Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün hazırlanan planının tərkib hissəsidir. Həmin plana görə, Ukrayna öz ərazilərinin hazırda işğal olunmuş hissəsindən imtina etməli və mövcud cəbhə xətti qeyri-rəsmi sərhəd kimi qəbul olunmalıdır. Ukrayna, savaşın davam etdirilməməsi üçün bununla razılaşmalıdır".

Ermənistan yaxın gələcəkdə geopolitik direktivləri Bakıdan almaq  məcburiyyətində qalacaq"

Slovakiya Prezidentinin açıqlamasına fikir bildirən politoloq deyib:

"Slovakiya Prezidenti də bu plandan xəbərdardır. Tramp administrasiyasının bu planı reallaşdırmaq niyyətində ciddi olduğunu bildiyinə görə, bu planı təkrarlayır".

Ukraynanın məsələyə yanaşmasından danışan Elçin Xalidbəyli bildirib:

"Ukraynanın bununla razılaşıb-razılaşmaması hələ birmənalı deyil. Çünki rəsmi Kiyevin müqavimət imkanları o qədər də geniş deyil. Eyni zamanda, Ukrayna cəmiyyətinin bu plana verəcəyi reaksiya da müəmmalıdır. Əgər Ukrayna cəmiyyətinin reaksiyası sərt olarsa, o zaman Tramp administrasiyası üçün həm də rəsmi Kiyevin bu planla razılaşması üçün müəyyən problemlər yarana bilər. Bu baxımdan, rəsmi Kiyevin bununla razılaşıb-razılaşmayacağını müəyyən etmək çətindir. Yəqin ki, sülh prosesi, yəni Ukrayna savaşının dayandırılması prosesi rəsmən başladıqdan sonra, rəsmi Kiyevin də mövqeyi təxminən aydınlaşmağa başlayacaq".

Politoloq ABŞ-ın Ukraynaya olan təzyiqindən danışıb:

"Hələlik isə Ukraynaya ABŞ-ın təzyiq göstərəcəyi haqqında məlumatlar var. Əgər o təzyiqlər həddindən artıq sərt olarsa, o zaman Zelenski üçün iki yol qalacaq: ya istefa verib hakimiyyəti təhvil verməli olacaq, ya da ABŞ-ın təzyiqləri qarşısında geri çəkilərək Ukrayna ərazilərinin itirilməsi hesabına Rusiya ilə sülh sazişi imzalamaq məcburiyyətində qala bilər".

Ayhan Ağarzayev

04:58 17.12.2024

Oxunuş sayı: 4722

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR