İqtisadi

Yeni Suriyanın formalaşması fonunda Avropanın enerji təhlükəsizliyi məsələləri

Suriyada cərəyan edən proseslər bir çox siyasi-iqtisadi dəyişikliklər də vəd edir. Bu sırada Rusiyanın regiondan çəkilməsi və bunun region ölkələri ilə, xüsusilə Avropa ilə münasibətlərin formalaşmasına təsiri olduqca ciddi məsələlərdir. 

Rusiya-Ukrayna münaqişəsindən dolayı, Avropanın Rusiya qazından imtina etməsi, yeni bögə kimi Suriyanı cəlbedici edə bilər. Suriya Qətər və digər ətraf ölkələrin qaz ehtiyatlarının Avropaya nəqli üçün açar rolunu oynaya bilər. Bu mənada, Qətər təbii qazının Avropaya daşınması perspektivləri, qlobal enerji bazarındakı geopolitik dəyişikliklər səbəbindən getdikcə daha əhəmiyyətli bir mövzuya çevrilməkdədir. Xüsusilə də, əvvəldə də vurğulandığı kimi, Ukraynadakı müharibə və Avropanın Rusiya enerji mənbələrindən olan asılılığını azaltmaq üçün göstərdiyi təşəbbüslər fonunda Qətər qazı cəlbedici görünür. Qətərin neytral və sabit təchizatçı kimi mövqeyi də, onu Avropa üçün cəlbedici tərəfdaş kimi dəyərləndirməyə imkan verir. Eyni zamanda, dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçılarından biri olan Qətər, Avropanın enerji ehtiyaclarını qarşılamada mühüm rol oynamaq üçün əlverişli mövqedədir. Lakin bu qaz nəqlinin perspektivlərini müəyyən edən bir neçə amil var ki, prosesə ciddi təsir göstərir.

İlk növbədə, onu qeyd edək ki, Qətər artıq yaxşı inkişaf etmiş LNG ixrac infrastrukturu ilə təchiz olunub, Ras Laffan kimi bir neçə böyük LNG ixrac terminalına malikdir. Bu terminallar, qazın mayeləşdirilməsi və böyük həcmdə qaz istehsal edilməsi qabiliyyətinə malikdir, bu da Qətəri etibarlı bir LNG təchizatçısı edir. Bununla belə, oxşar fikirləri Avropanın infrastruktur təminatı haqqında qeyd etmək tərəddüdlüdür. Belə ki, Avropada - İspaniya, Fransa, Böyük Britaniya, İtaliya və Niderland kimi ölkələrdə yayılmış bir neçə terminal ilə əhəmiyyətli LNG idxal infrastrukturu mövcud olsa da, bu terminalların əksəriyyəti tam gücü ilə işləyir və idxal həcmini artırmaq üçün genişlənmə tələb olunur. Başqa sözlə desək, Avropanın maye qaz idxalı üçün terminalları yetərli deyil və idxal həcminin artırılması yeni terminallar və ya mövcud terminalların genişləndirilməsini tələb edir.

Bununla belə, məlumdur ki, Qətər artıq bir neçə Avropa ölkəsi ilə uzunmüddətli qaz təchizatı müqavilələri bağlayıb. Avropa İttifaqı və Qətər yeni təchizat müqavilələri vasitəsilə Qətərin qaz ixracını Avropaya artırmaq mümkünlüyünü müzakirə ediblər. Yəni, məsələ artıq masadadır, infrastruktur və rəqabət amilləri daha dəqiq planlaşdırma tələb edir. Həm də ona görə ki, Qətər mühüm bir oyunçu olsa da, ABŞ, Norveç və digər LNG təchizatçıları da Avropada bazar payını artırmağa çalışır. Bu rəqabət Qətərin bazarda dominantlıq qabiliyyətinə təsir etsə də, hələlik ən böyük təchizatçılardan biri kimi qəbul edilməkdədir.

Qətərin Avropaya məsafəcən yaxınlığı cəlbedici olsa da, LNG-nin Hörmüz boğazı və Süveyş kanalından keçməklə xeyli məsafə qət etməsi tələb olunur. Bu isə, öz növbəsində qaz nəqlini  daha da bahalaşdıraraq, qlobal gəmiçilik şərtlərindən, o cümlədən dəniz təhlükəsizliyi, sığorta xərcləri və yanacaq qiymətlərindən asılı edir. Qətərin LNG-nin Avropaya ixracı üçün daha bir çətinlik, ABŞ kimi təchizatçılara nisbətən nəqliyyat müddəti və məsafəsinin uzun olmasıdır. Görünən odur ki, ABŞ qazı daha səmərəli şəkildə transatlantik marşrutlar vasitəsilə Avropaya göndərə bilir.

Onu da qeyd edək ki, araşdırmalar belə nəticəyə gəlməyə əsas verir ki, Qətər, LNG istehsal gücünü artırmağa ciddi sərmayələr yatırır. Mütəxəssislərin hesablamalarına görə, qoyulan sərmayələr 2025-2028-ci illərdə Qətərin LNG ixrac gücünü, təxminən 30%-ə qədər artırmağa imkan verəcəkdir ki, bu da Qətəri Avropaya çatdırdığı qaz həcmini əhəmiyyətli dərəcədə artırmağa mövqeləndirəcəkdir. Təbii ki, Qətərin LNG-nin axınına uyğunlaşmaq üçün Avropa daha çox LNG idxal terminalı inşa etməli və ya mövcud olanları genişləndirməlidir. Müşahidələr göstərir ki, Almaniya və bir sıra digər Avropa ölkələri əlavə LNG yüklərinin qəbul edilməsini təmin etmək üçün, artıq infrastruktur quruculuğu və ya yenilənməsi proseslərinə başlayıb.

Bütün bunlarla yanaşı, ətraf mühit məsələlərinin gündəmdə olması, Avropada yaşıl enerjiyə keçid məsələləri LNG idxalını əngəlləyən səbəblər kimi görünür. Görünən odur ki, Avropa, karbon emissiyalarını azaltmağa və yenilənə bilən enerji istehsalını artırmağa doğru irəliləyir. Avropanın sərt ətraf mühit tənzimləmələri, idxal etdiyi enerji növlərinə təsir göstərə bilər. Qətər LNG-nin karbon izini azaltmaq üçün bəzi addımlar atıb, amma fosil yanacaq idxalı ilə bağlı ətraf mühit narahatlıqları gələcək tələbi formalaşdırmaqda rol oynaya bilər. Bu baxımdan da, qeyd edilən məsələlər uzunmüddətli perspektivdə təbii qaza olan tələbə təsir edəcək, lakin Avropanın enerji təminatında LNG-nin keçid mərhələsində rol oynaması gözləniləndir. 

Belə nəticəyə gəlmək olar ki, Suriyada baş verən proseslər regiona da sosial-iqtisadi təsirlərsiz ötüşməyəcək. Xüsusilə, Qətər təbii qazının Avropaya daşınması perspektivləri orta müddətli dövrdə ümumilikdə müsbət dəyərləndirilə bilər, çünki Avropanın alternativ enerji təchizatı ehtiyacları və Qətərin böyüyən LNG istehsal gücü bu perspektivləri dəstəkləyir. Lakin digər LNG təchizatçılarından gələn rəqabət, infrastruktur məhdudiyyətləri və qlobal miqyasda təmiz enerji üçün təzyiq kimi məhdudlaşdırıcı amillər də nəzərə alınmalıdır. Müşahidələr belə deməyə əsas verir ki, QƏTƏR TƏBİİ QAZ İSTEHSALINI ARTIRMAĞA DAVAM EDƏRSƏ VƏ AVROPA DAHA İRİ HƏCMLİ İDXAL ÜÇÜN İNFRASTRUKTURUNU GENİŞLƏNDİRƏRSƏ, GƏLƏCƏK ONİLLİKLƏRDƏ QƏTƏR AVROPANIN ENERJİ MƏNZƏRƏSİNDƏ MÜHÜM ROL OYNAYA BİLƏR.

Bütün bunlar, Avropanın enerji təhlükəsizliyində mühüm rol alan Azərbaycan Respublikası üçün də yeni yanaşma tələb edir. Əslində, Azərbaycan özünün uzaqgörən, balanslaşdırılmış siyasəti ilə gözləntiləri qabaqlayır. Ölkəmizdə alternativ enerji mənbələrindən istifadə istiqamətində atılan ardıcıl addımlar, işğaldan azad edilmiş ərazilərin və Naxçıvanın Yaşıl Enerji zonası elan edilməsi, bu sahəyə yerli və xarici investorların cəlb olunması Azərbaycanın artıq gələcək Avropanın enerji təhlükəsizliyində daha yaxşı mövqe formalaşdırmağı hədəflədiyini göstərir. Bununla belə, Suriyanın regionda yaratdığı reallıqlar, Qətər qazının Avropaya nəqli məsələləri Azərbaycanın da neft-qaz ehtiyatlarından istifadə də nəzərə alınmalı nüanslar yaradır. Azərbaycan özünün əlverişli coğrafi-strateji mövqeyindən, nəqliyyat-tranzit əlaqələrindən daha səmərəli istifadə edərək, orta müddətli dövrdə, bazarda daha çevik şəkildə daha çox pay almağa çalışmalıdır. Təbii ki, yaşıl enerji istehsalı istiqamətində addımlara fasilə vermədən, çünki gələcək yaşıl enerjinindir. 

Cross Media Təhlil Mərkəzi

11:54 24.12.2024

Oxunuş sayı: 6887

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR