Marneulidə Zəlimxan Yaqubun xatirəsinə həsr olunan tədbir keçirilib
Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşkilatçılığı, eləcə də Gürcüstandakı Azərbaycandilli Məktəblər Birliyinin təşəbbüsü ilə Türk dünyasının görkəmli şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunan “Özün basdırdığın ağaca söykən” adlı tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirdə Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstan nümayəndəliyinin rəhbəri Salih Özer, Dmanisi merinin müavini Arif Süleymanov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, professor alim Şürəddin Məmmədli, ictimaiyyət nümayəndələri, ziyalılar və məktəblilər iştirak ediblər.
“Azərbaycan Evi”nin və GAİM-in direktoru Məhəbbət İmanov açılış nitqi ilə çıxış edərək şairin həyatı və yaradıcılığı haqqında məlumat verib. Zəlimxan Yaqubun zəngin irsinin qorunması və təbliği istiqamətində mütəmadi tədbirlərin keçirildiyini bildirib.
Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov Azərbaycan dövlətinin hər zaman Zəlimxan Yaqubun xatirəsini uca tutduğunu və onun ədəbi irsinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər gördüyünü deyib.
Digər çıxışçılar da öz növbələrində şairin yaradıcılığı, Türk dünyasındakı mövqeyi və ədəbiyyata verdiyi töhfələr barədə fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində “Özün basdırdığın ağaca söykən” adlı tamaşa nümayiş olunub.
Sonda şairin qardaşı Çingiz Yaqubov tədbirin təşkilinə görə təşəkkürünü bildirib.
17:34 06.05.2026
Oxunuş sayı: 41