NATO dağılır?
Qlobal geosiyasi nizamın təməl sütunları olan transatlantik münasibətlər bu gün özünün ən mürəkkəb sınaq dövrünü yaşayır. Britaniyanın Baş naziri Keir Starmerin Avropanı vahid mövqe sərgiləməyə çağırması, sadəcə diplomatik bir bəyanat deyil, həm də onilliklərdir davam edən "ABŞ-nin təhlükəsizlik çətiri" konsepsiyasının sarsılmasının göstəricisidir. Ağ Ev rəhbəri Donald Trampın NATO-ya dair skeptik yanaşmaları və Avropanın öz hərbi müstəqilliyini axtarması fonunda ortaya çıxan sual artıq ritorik deyil: Biz köhnə alyansın transformasiyasını, yoxsa yeni bir hərbi-siyasi arxitekturanın doğulmasını izləyirik?

Məsələ ilə bağlı Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Crossmedia.az-a açıqlama verib:
"Starmer tərəfindən Avropanın Donald Trampın təzyiqlərinə qarşı vahid mövqe sərgiləməyə çağırılması ciddi addımdır. Bu son illərdə transatlantik məkanda müşahidə olunan gərginliyin məntiqi davamıdır. Avropanın ABŞ-yə qarşı birləşməsi və hətta NATO-nun zəifləməsi və ya dağılması ehtimalı ətrafında müzakirələrin intensivləşdiyini deyə bilərik. Lakin bu ssenarinin nə dərəcədə real olduğunu demək çətindir".
Partiya sədri onu da qeyd edib ki, NATO sadəcə hərbi alyans deyil, həm də siyasi birlikdir: "ABŞ-nin bu alyansdakı rolu yalnız hərbi güc deyil, həm də strateji çəkidən ibarətdir. Avropa ölkələrinin böyük əksəriyyəti təhlükəsizlik baxımından hələ də ABŞ təminatına ciddi ehtiyac duyurlar. Buna görə də NATO-nun yaxın zamanlarda dağılması ehtimalı olduqca aşağıdır. Bununla belə, son illərdə Avropa daxilində müstəqillik ideyası güclənir. Müdafiə sahəsində əməkdaşlıq, ortaq hərbi layihələr və sürətli reaksiya qüvvələrinin yaradılması istiqamətində addımlar atılır. Bu proses NATO-ya alternativ yaratmaqdan daha çox paralel mexanizmlər formalaşdırmağa bənzəyir".
M. Rəhimli müstəqil şəkildə hərbi ittifaqın yaranması üçün müəyyən əngəllərin olduğunu bildirib: "Yeni müstəqil Avropa hərbi ittifaqının yaranması üçün isə bir neçə ciddi maneə mövcuddur. Əvvəla, Avropa ölkələri arasında təhlükəsizlik prioritetləri fərqlidir. Belə ki, Baltik ölkələri və Polşa üçün əsas təhdid Rusiya olduğu halda, Cənubi Avropa üçün miqrasiya problemi daha önəmlidir. İkincisi, hərbi xərclər və imkanlar baxımından Avropa ölkələri arasında ciddi fərqliliklər var. Üçüncüsü, siyasi iradə məsələsidir. Çünki ABŞ-la münasibətləri tam şəkildə yenidən qurmaq riskli və bahalı addım ola bilər. Trampın NATO-ya tənqidi yanaşması və Avropadan daha çox məsuliyyət tələb etməsi narahatlıq yaratsa da, bu həm də Avropanı öz müdafiə qabiliyyətini gücləndirməyə təşviq edir. Bu mənada Starmerin çağırışı daha çox siyasi birliyin gücləndirilməsi məqsədi daşıyır. Yaxın vaxtlarda Avropanın ABŞ-yə qarşı vahid blok kimi formalaşması real görünmür. Avropanın müdafiə sahəsində müstəqil və güclü aktora çevrilməsi ehtimalı isə daha çoxdur".
Turqut Ansari
18:09 06.05.2026
Oxunuş sayı: 49