Postsovet məkanında vahid sürücülük sistemi formalaşa bilərmi?
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasına dair sazişin təsdiqlənməsi beynəlxalq nəqliyyat əməkdaşlığının genişlənməsi baxımından diqqətçəkən addımdır.
Bu cür razılaşmalar adətən dövlətlər arasında hüquqi sistemlərin uyğunluğu, yol hərəkəti qaydalarının oxşarlığı və qarşılıqlı etimad prinsipləri əsasında formalaşır.
Belə ki, ölkələr bir-birinin sürücülük vəsiqəsini əsasən o hallarda tanıyır ki, sürücülük standartları, imtahan mexanizmləri və təhlükəsizlik tələbləri bir-birinə yaxın olsun. Eyni zamanda, bu proses beynəlxalq konvensiyalar və ikitərəfli razılaşmalar vasitəsilə tənzimlənir.
Gələcək perspektivdə isə Azərbaycanın bu tip sazişləri coğrafi, iqtisadi və siyasi baxımdan yaxın tərəfdaşlarla – xüsusilə postsovet məkanı, Avropa və region ölkələri ilə genişləndirməsi ehtimal olunur. Bu isə həm vətəndaşların hərəkət azadlığını artırır, həm də ölkələr arasında iqtisadi və turizm əlaqələrinin daha da güclənməsinə xidmət edir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev Crossmedia.az-a açıqlama verib:

“İlham Əliyev tərəfindən Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması haqqında sazişin təsdiqlənməsi beynəlxalq praktikada kifayət qədər yayılmış və məntiqli addımdır. Bu cür tanınma əsasən dövlətlər arasında hüquqi sistemlərin uyğunluğu, yol hərəkəti qaydalarının oxşarlığı və sürücülərin hazırlıq standartlarının bir-birinə yaxın olması hallarında mümkün olur.
Məsələn, iki ölkədə sürücülük imtahanlarının strukturu (nəzəri və praktiki), tibbi yoxlamalar, kateqoriya bölgüsü və yol təhlükəsizliyi qaydaları ciddi fərqlənmirsə həmin ölkələr bir-birinin vəsiqəsini əlavə imtahan olmadan və ya sadələşdirilmiş prosedurla tanıya bilir.
Bundan əlavə beynəlxalq konvensiyalar bu prosesi asanlaşdırır. Çünki bu sənədlərə qoşulan ölkələr ümumi standartlara riayət etməyi öhdələrinə götürürlər. Belə sazişlərdə təhlükəsizlik faktoru da həlledici rol oynayır və tərəflər əmin olmalıdır ki, qarşı tərəfdə sürücülük vəsiqələri formal deyil real bilik və bacarıqlara əsaslanır”.
Ekspert əlavə edib ki, korrupsiya və ya qeyri-şəffaflıq riski yüksək olan sistemlərlə adətən belə razılaşmalar bağlanmır, eyni zamanda miqrasiya və iqtisadi əlaqələr də mühüm təsir göstərir və əgər iki ölkə arasında işçi miqrasiyası, ticarət və nəqliyyat əlaqələri intensivdirsə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması həm vətəndaşlar həm də biznes üçün ciddi rahatlıq yaradır:
“Perspektiv baxımından Azərbaycan üçün bu tip sazişlərin genişlənməsi daha çox postsovet məkanında – Rusiya, Qazaxstan və Özbəkistan kimi ölkələrlə real görünür, çünki bu ölkələrdə sürücülük sistemi tarixən oxşar model üzərində qurulub.
Bununla yanaşı, Türkiyə ilə belə bir saziş həm siyasi həm iqtisadi həm də sosial baxımdan olduqca perspektivlidir. Avropa ölkələri ilə isə proses daha mürəkkəbdir. Çünki Avropa daxilində sürücülük standartları daha sərt və vahid qaydalara əsaslanır və bu səbəbdən tam qarşılıqlı tanınma əvəzinə daha çox vəsiqələrin dəyişdirilməsi mexanizmi tətbiq olunur.
Gələcəkdə rəqəmsal sürücülük vəsiqələrinin tətbiqi, vahid məlumat bazalarının yaradılması və hüquqi uyğunlaşma bu sahədə imkanları genişləndirə bilər. Ümumilikdə isə belə sazişlər təkcə texniki hüquqi sənəd deyil həm də dövlətlər arasında qarşılıqlı etimadın göstəricisidir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın beynəlxalq inteqrasiyasını daha da gücləndirir”.
Ayhan
11:20 30.04.2026
Oxunuş sayı: 61