Metroda keyfiyyət necə artırıla bilər?- sərnişin axını niyə idarə olunmur?
Müasir şəhər həyatında ictimai nəqliyyat sistemi əhalinin gündəlik fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Xüsusilə, böyük şəhərlərdə metro nəqliyyatı sürət, əlçatanlıq və sərnişin tutumu baxımından mühüm rol oynayır. Bu səbəbdən metro sisteminin səmərəli və təhlükəsiz təşkili yalnız texniki məsələlərlə deyil, həm də sərnişin davranışı və idarəetmə mexanizmlərinin düzgün qurulması ilə sıx bağlıdır.
İctimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin məmnuniyyətinin təmin olunması üçün beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Müxtəlif ölkələrdə tətbiq olunan müasir yanaşmalar göstərir ki, düzgün təşkilatlanma və aydın qaydalar həm təhlükəsizliyi artırır, həm də gündəlik hərəkət prosesini daha rahat və səmərəli edir. Bu baxımdan mövcud vəziyyətin təhlili və təkmilləşdirilməsi istiqamətində addımların atılması zəruri hesab olunur.
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert İlkin Məmmədkərimov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ümumilikdə qeyd etmək lazımdır ki, metroda təhlükəsizlik qaydalarına tam riayət olunmur. Məsələn, sərnişinlər qatara minmək üçün növbə gözləmir, bu isə ciddi problemlərə səbəb olur.
Digər mühüm məsələ ondan ibarətdir ki, dünyanın əksər ölkələrində qatar qapıları bağlanmazdan əvvəl müəyyən zaman intervalı verilir. Lakin bizdə qapıların açılıb-bağlanması demək olar ki, eyni anda baş verir və bu da sərnişinlər arasında narazılıq yaradır.
Bundan əlavə, inkişaf etmiş ölkələrin bir çoxunda – məsələn, Yaponiya, Hindistan və Çin kimi dövlətlərdə – metro platformalarında sərnişin axını xüsusi nişanlanmalar vasitəsilə tənzimlənir.
Minən və düşən sərnişinlər üçün ayrı-ayrı istiqamətlər müəyyən edilir ki, bu da sıxlığın və qarışıqlığın qarşısını alır. Hesab edirəm ki, bu təcrübə ölkəmizdə də tətbiq olunmalı, sərnişinlərin qapılardan nizamlı şəkildə istifadə etməsi təmin edilməlidir.
Bu tədbirlər həyata keçirilmədiyi müddətdə mövcud vəziyyətin dəyişməsi çətin görünür.
Digər tərəfdən, qapıların tez bağlanması nəticəsində bəzi sərnişinlər qatardan düşməyə məcbur olur və səfərlərini avtobusla davam etdirirlər. Bu isə onların əlavə vaxt və vəsait itirməsinə səbəb olur.
Belə hallarda sərnişinlərin istifadə etdikləri kartlara vəsaitin geri qaytarılması məsələsi də gündəmə gəlir. Lakin texniki baxımdan hər bir sərnişinin müəyyən edilməsi və kompensasiyanın verilməsi kifayət qədər çətindir.
Buna baxmayaraq, problemin baş verdiyi vaxtlarda kompensasiya məqsədilə müəyyən tədbirlərin görülməsi vacibdir. Məsələn, həmin gün ərzində metro xidmətinin ödənişsiz olması bu baxımdan məqsədəuyğun həll yolu kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində milli bayramlar və xüsusi günlər münasibətilə ictimai nəqliyyat – o cümlədən metro və avtobuslar – vətəndaşlar üçün ödənişsiz olur.
Azərbaycanda bu praktika geniş yayılmasa da, ən azı fövqəladə və ya problemli vəziyyətlər zamanı belə bir yanaşmanın tətbiqi sərnişin məmnuniyyətinin artırılmasına xidmət edə bilər".
Elmir Heydərli
13:55 24.04.2026
Oxunuş sayı: 555