Azərbaycanda bu adların qoyulması ləğv oluna bilər- Valideynlərin diqqətinə!
Azərbaycanda uşaqlara “Şah”, “Bəy” və “Xan” kimi adların verilməsi ilə bağlı məhdudiyyət tətbiq oluna bilər. Hazırda məsələ Terminologiya Komissiyası nəzdində Şəxs Adları Komissiyası və digər aidiyyəti dövlət qurumlarında müzakirə olunur. Bu təşəbbüsün əsas səbəbi isə həmin sözlərin tarixən titul kimi istifadə edilməsidir.
Bu barədə Crossmedia.az-a açıqlama verən sosioloq, fəlsəfə doktoru Hüseyn İbrahimov bildirib ki, adlarla bağlı Azərbaycanda son onilliklərdə həm oxşar adların sayı çox artıb, xüsusən qızlarda, həm də oğlanlarda qeyri-adi adların verilməsi tendensiyası geniş yayılıb: “Bütün bu hallar valideynin istəyi ilə olsa da, Azərbaycanda şəxs adlarının verilməsi ilə bağlı müvafiq komissiya mövcuddur. Yəni, necə gəldi, hansı ad gəldi, uşaqlara vermək olmaz. Bu baxımdan, anlaşılmayan və ya mənası qeyri-müəyyən olan adlar veriləndə, uşaqların doğum şəhadətnaməsi alınarkən müvafiq aidiyyəti qurumlara müraciət etmək tələb olunur. Ancaq “şah” və ya “xan” kimi adlar və ya buna bənzər digər adlar, həmçinin oxşar adlar var ki, onlar bir qədər qəribə səslənə bilir. Bu adlar qeyri-müəyyən və vulqar xarakter daşıyır, yəni daha çox cəmiyyətdə seçilmək, fərqlənmək məqsədi güdür”.
Sosioloqun qənaətincə, bəzi insanlar adı elə onun gələcək həyatının mənası kimi qəbul edərək, övladının daha varlı, imkanlı və s. olmasını arzuladıqları üçün bu cür yanaşırlar: “Qeyd etmək lazımdır ki, bu sözlər Azərbaycan dilinin qrammatikasında ad mənası daşımayıb, hətta qədim dövrlərdə də sadəcə titul kimi istifadə olunub. Bu gün isə həmin titulların ad kimi istifadə edilməsi onu göstərir ki, insanlar sanki övladlarının da o titula malik ola biləcəyini düşünür və ya arzulayırlar. Bu, olduqca sadə yanaşmadır və bu cür adlar verildikdə, bir tərəfdən cəmiyyətdə uşaqlarda müəyyən ego və vulqar yanaşma formalaşa bilər. Həmçinin, digərlərindən seçilmək istəyi daha çox sosial, mədəni və psixoloji kontekstdə davranış modelləri ilə əlaqəlidir. Bu cür adlar verən insanlar daha çox öz qohumları, dostları və ətrafları qarşısında özlərini göstərmək, eqolarını nümayiş etdirmək kimi mesajlar ötürürlər. Təbii ki, yaxın ətraf üçün sətiraltı ötürülən bu mesajlar sonradan uşaq böyüdükcə onun şəxsiyyətinə təsir edir və həmin uşaqlar da müəyyən mənada eqoist davranışlar, stereotiplər formalaşdırırlar. Onların aradan qaldırılması isə sonradan bir qədər çətin olur. Bütün hallarda ad önəmlidir, lakin bu cür yanaşmalarla ad seçilməsi heç də arzuolunan deyil”.
Fatimə Məmmədova
19:41 20.04.2026
Oxunuş sayı: 49