Zəlzələlərə süni müdaxilə mümkündürmü? – ekspertlərdən fərqli yanaşma
Dünyada baş verən təbii fəlakətlər, xüsusilə zəlzələlər ətrafında müxtəlif müzakirələr və fərqli yanaşmalar ortaya çıxır. Bəziləri bu hadisələri sırf təbii proseslərin nəticəsi kimi qiymətləndirsə də, digərləri texnologiyanın inkişafı fonunda müəyyən müdaxilə ehtimallarını da gündəmə gətirir.
Xüsusilə, yeraltı proseslərə təsir edə biləcək texnologiyalar və bu istiqamətdə mövcud olduğu iddia edilən patentlər mövzunu daha da mübahisəli edir.
Elmi dairələrdə bu kimi fikirlər birmənalı qarşılanmasa da, geosiyasi hadisələrlə təbii fəlakətlərin zaman-zaman üst-üstə düşməsi cəmiyyətdə suallar doğurmağa davam edir.
Bu isə istər-istəməz belə bir müzakirəni aktuallaşdırır: doğrudanmı müasir texnologiyalar təbiətə bu qədər təsir edə bilir, yoxsa bütün bunlar sadəcə təsadüf və təbiətin öz qanunauyğunluqlarıdır?
Mövzu ilə bağlı hərbi ekspert Heydər Mirzə Crossmedia.az-a açıqlama verib:

"Mən özüm araşdırma aparmışam. Google-da və ABŞ məlumat bazalarından birində yeraltı litosfer plitələrinin hərəkətinə səbəb ola biləcək müəyyən dalğalar yaradan avadanlığın patentini görmüşəm. Yəni bunlar mövcuddur.
Amma onların nə dərəcədə istifadə olunub-olunmadığını demək çətindir. Birincisi, heç bir dövlət bunun məsuliyyətini üzərinə götürməz.
İkincisi, ciddi alimlərin çoxu bu barədə danışmaz, çünki bu, artıq marginallaşma deməkdir. Təbii ki, qarşı tərəf də bunu marginallaşdırmaq üçün əlindən gələni edəcək və bu, çox asan olacaq".
Ekspert əlavə edin dig ki, ortada sübut olmayan halda “konspirologiya” damğası vurub insanı kənara qoymaq mümkündür:
"Amma mən sizinlə razıyam ki, siz bu sualı elə-belə verməmisiniz. Bir çox adamlar deyir ki, hər dəfə ciddi siyasi böhranlar baş verəndə, xüsusilə Türkiyədə zəlzələlər olur. Bunun cavabı olaraq alimlər bildirirlər ki, Türkiyə litosfer plitələrinin kəsişdiyi təhlükəli zonada yerləşir. Orada tarix boyu zəlzələlər olub. Eyni zamanda, regionda - Yaxın Şərqdə həmişə müharibələr də baş verib.
Ona görə də burada hər iki tərəfin arqumentləri mövcuddur.
Əgər siz soruşursunuz ki, bu cür texnologiyaların varlığı mümkündürmü, deyə bilərəm ki, hələ keçən əsrin 70-ci illərində bu istiqamətdə müəyyən eksperimentlər aparılıb. Hətta bəzi texnologiyalar patentləşdirilib, yəni bu kimi ideyalar mövcuddur.
Amma məsələ ondadır ki, bunlar çox təhlükəli sahədir. Hamımız eyni planetdə yaşayırıq. Mən alim deyiləm, amma düşünürəm ki, alimlər də təsdiqləyər ki, bu tip avadanlıqlar olduqca təhlükəlidir. Çünki onların təsiri nəzarətdən çıxa bilər və hər iki tərəfə zərər verə bilər. Üstəlik, əvvəlcədən nəticənin necə olacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil.
Təbiət çox mürəkkəb və tam nəzarət olunmayan bir sistemdir. Yəni bu barədə deyə biləcəyim əsas fikirlər bunlardır".
Ayhan
16:00 13.04.2026
Oxunuş sayı: 57