Atçılıq üzrə “Bahar” Kuboku keçiriləcək: 20-dən çox idmançı mübarizə aparacaq
Azərbaycan Respublikası Atçılıq Federasiyasının illik təqvim planına uyğun olaraq, aprel ayının 14-15-də konkur (maneələrin dəf olunması) üzrə “Bahar” Kuboku turniri təşkil ediləcək.
Bu barədə crossmedia.az Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən xəbər verir.
Novxanı qəsəbəsində yerləşən “Sərhədçi” Atçılıq Mərkəzində baş tutacaq yarışda ölkənin aparıcı klubları və idman məktəbləri bir araya gələcək. Turnirdə “Omar”, “Sərhədçi”, “Murad”, “Elite” klublarının, eləcə də Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin 20-dən artıq təmsilçisi qələbə uğrunda yarışacaq.
Yarışlar çətinlik dərəcəsinə görə üç əsas kateqoriya üzrə keçiriləcək: 90 sm (A kateqoriyası), 115 sm (L kateqoriyası) və 125 sm (M* kateqoriyası) hündürlüyündə maneələrin dəf olunması. Federasiyadan verilən məlumata görə, turnirin sonunda hər nominasiya üzrə ilk 5 pillədə qərarlaşan iştirakçılar xüsusi mükafatlarla təltif olunacaqlar.
13:47 11.04.2026
Oxunuş sayı: 452